OYU adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə COP29-un uğurla başa çatması münasibətilə təbrik müraciəti

25 Noyabr, 2024

OYU adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə COP29-un uğurla başa çatması münasibətilə təbrik müraciəti

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Çox hörmətli, möhtərəm Prezidentimiz!

Azərbaycanın ev sahibliyi ilə multikultural dəyərlərə malik COP29 sammitinin uğurla həyata keçirilməsi münasibətilə Sizi, Odlar Yurdu Universitetinin professor-müəllim heyəti və çoxsaylı tələbələri adından səmimi qəlbdən təbrik edirik.
Hal-hazırda beynəlxalq miqyasda yüksək səviyyədə qəbul olunan müstəqil, demokratik Azərbaycan dünya çapında, aparıcı ölkələr arasında özünəməxsus layiqli və nüfuzlu yerini tutmuşdur.
Bu uğurların fövqündə, şübhəsiz ki, Sizin söz və əməl birliyiniz, beynəlxalq aləmdə daim artan nüfuzunuz dayanır.
Bu möhtəşəm tədbirdə dünyanın iqlim problemlərinin həlli istiqamətində həmrəyləşən bir “Yaşıl dünya” modeli yarandı. Sizin titanik rəhbərliyinizlə müstəqil Azərbaycan təhlükəsiz gələcəyin “yol xəritəsi”ni bu gün Bakıda dünyaya uğurla bəyan etdi.
Məhz Azərbaycan, dünyanın çoxsaylı dövlət və hökumət başçılarının, eləcə də minlərlə insanın iştirakı ilə keçirilən qlobal tədbirin mükəmməl, yüksək və nümunəvi təşkilatçılıq modelini ortaya qoydu. Siz bu gün güclü və nüfuzlu ölkə rəhbəri olaraq müasir beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş, regionda və dünyada lider kimi bir daha yüksək səviyyədə qəbul edildiniz.

Möhtərəm Prezidentimiz!

Sizin tərəfinizdən həyata keçirilən siyasət, o cümlədən çox hörmətli Mehriban xanım Əliyevanın rəhbərliyi ilə reallaşdırılan beynəlxalq miqyaslı layihələr sülhsevər ölkəmizin bütün istiqamətlərdə hədəflərini və Azərbaycan reallığını dünyaya təqdim edir.
Məhz Sizin söz və əməl birliyiniz, yüksək intellektə əsaslanan uzaqgörənliyiniz hələ çox illər boyu Ulu Tanrının köməyi ilə xalqımızı yeni-yeni uğurlara və qələbələrə aparacaqdır. Siz qeyri-adi istedadınız, yüksək intellektiniz, iti zəkanız və beynəlxalq aləmdəki mənfi qüvvələri susdura biləcək məntiqiniz sayəsində ən uca zirvələri fəth etmiş, əvəzolunmaz bir lider olaraq bütün dünya azərbaycanlılarının qürur mənbəyinə çevrilmisiniz.
Mütəmadi olaraq ən mötəbər beynəlxalq tədbirlərin keçirildiyi ünvana çevrilmiş doğma Azərbaycanımızın hər bir vətəndaşı Sizinlə - öz Lideri ilə fəxr edir, Sizə sonsuz məhəbbətini ifadə edərək qürur duyur.

Hörmətli və əziz Prezidentimiz!

Bir daha COP29 sammitinin uğurla, ən yüksək səviyyədə keçirilməsi münasibətilə Sizi, Ulu Öndərin xeyir-duası ilə yaradılmış Odlar Yurdu Universitetinin bütün kollektivi adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm. Sizə ailə səadəti, xoşbəxtlik, sağlam həyat, xoş əhval-ruhiyyə, xalqımızın və dövlətimizin bu günü və sabahı naminə uzun ömür və can sağlığı arzulayıram.

Allah Sizi qorusun!

Dərin hörmətlə,
Professor Əhməd Vəliyev
Odlar Yurdu Universiteti rektoru