Odlar Yurdu Universitetinin Tədrisin təşkili və yeni təlim texnologiyaları üzrə prorektoru, dos. Qabil Qafarov İsveçin Kral Texnologiya İnstitutunda (Royal Institute of Technology, KTH) "Azərbaycan ali təhsilində dayanıqlı sahibkarlıq ekosisteminin gücləndirilməsi" mövzusunda genişmiqyaslı beynəlxalq tədbirdə iştirak etmişdir.
Bu tədbir Avropa İttifaqının dəstəyi ilə həyata keçirilən "ENGAGE" layihəsi çərçivəsində sahibkarlıq təhsilinin inkişafına və ali təhsil sistemində innovativ yanaşmaların tətbiqinə həsr olunmuşdur.
Tədbirin ilk günündə iştirakçılara həftəlik iş planı təqdim edilmiş, layihənin əsas məqsədləri və perspektivləri ətraflı müzakirə olunmuşdur. İsveçin sahibkarlıq təhsili sahəsindəki təcrübəsi xüsusi diqqət mərkəzində olmuşdur. İştirakçılar gənclər arasında sahibkarlıq bacarıqlarının və innovativ düşüncə tərzinin inkişaf etdirilməsinə dair tətbiq olunan strategiyalar haqqında məlumat əldə etmişlər.
Sonrakı günlərdə layihə çərçivəsində görülmüş işlərin hesabatı təqdim edilmiş, 2025-ci il üçün fəaliyyət planları hazırlanmışdır. Bu müzakirələr zamanı milli və institusional səviyyədə sahibkarlıq ekosisteminin inkişafı ilə bağlı aktual məsələlər ön plana çıxarılmışdır.
Odlar Yurdu Universitetinin bu tədbirdə təmsil olunması universitetin beynəlxalq əlaqələrinin genişləndirilməsi və innovativ tədris yanaşmalarının inkişafına verdiyi töhfənin göstəricisidir.
Bu tədbir həm Azərbaycan ali təhsil müəssisələrinin, həm də Odlar Yurdu Universitetinin beynəlxalq aləmdə nüfuzunun artmasına və təhsil sistemində yeni yanaşmaların tətbiqinə zəmin yaratmışdır.