Odlar Yurdu Universitetində “Mahmud Kaşğarlı” beynəlxalq konfransı keçirilmişdir

09 Dekabr, 2024

Odlar Yurdu Universitetində “Mahmud Kaşğarlı” beynəlxalq konfransı keçirilmişdir
Odlar Yurdu Universiteti, Türkiyə Respublikası İqtisadi İnkişaf və Sosial Araşdırmalar İnstitutu (İKSAD), AMEA Nəsimi adına Dilçilik İnstitutu, Azərbaycan Respublikası Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi və Azərbaycan Yazıçılar Birliyinin Mahmud Kaşğarlı Fondu ilə birgə təşkilatçılığı ilə “Mahmud Kaşğarlı” Beynəlxalq Elm, Mədəniyyət və Təhsil Konfransını keçirmişdir. Konfransın adı “Divanı Lüğət-it-Türk - 950” olaraq müəyyən olunmuşdur.
Bu mötəbər tədbir Odlar Yurdu Universitetində həm onlayn, həm də oflayn formatda keçirilmişdir. Konfransın əsas məqsədi, Mahmud Kaşğarlının zəngin elmi və ədəbi irsini geniş auditoriyaya çatdırmaq, onun məşhur “Divanı Lüğət-it-Türk” əsərinin türkologiya sahəsindəki əhəmiyyətini vurğulamaq və müasir elmi, mədəni və təhsil perspektivlərini müzakirə etmək olmuşdur.
Konfransa yerli və beynəlxalq səviyyədə tanınmış alimlər, tədqiqatçılar, millət vəkilləri və elm və təhsil qurumlarının nümayəndələri qatılmışlar. İştirakçılar arasında açılış mərasimində Milli Məclisin deputatı, professor Samir Vəliyev, Mahmud Kaşğarlı Beynəlxalq Fondunun prezidenti, Milli Məclisin deputatı, professor Cavanşir Feyziyev, Odlar Yurdu Universitetinin Keyfiyyət təminatı və beynəlxalq əlaqələr üzrə prorektoru, professor Fəxrəddin Məmmədov, Odlar Yurdu Universitetinin Elmi işlər üzrə prorektoru, professor Tərlan Abdullayev, ADPU-nun Beynəlxalq Əlaqələr üzrə prorektoru, professor Mahirə Hüseynova, AMEA Nəsimi adına Dilçilik İnstitutunun direktoru, professor Nadir Məmmədli, Türkiyə İqtisadi İnkişaf və Sosial Araşdırmalar İnstitutunun baş direktoru Mustafa Latif Emek və bir çox digər yerli və xarici qonaqlar iştirak etmişlər.
Tədbir boyunca Mahmud Kaşğarlı və onun Türk dünyası üçün böyük əhəmiyyət kəsb edən irsi bir daha vurğulanmış və “Divanı Lüğət-it-Türk” əsərinin müasir dövr üçün əvəzsiz bir mənbə olduğu qeyd olunmuşdur.
Konfransda təqdim edilən məruzələr, fikir mübadilələri və gələcəkdə bu sahədə daha geniş araşdırmaların aparılması ilə bağlı tövsiyələr əhəmiyyətli müzakirələrə səbəb olmuşdur.
Odlar Yurdu Universiteti, mədəni və elmi inteqrasiyaya verdiyi töhfələrlə tanınmağa davam etmişdir. Bu konfrans da universitetin milli-mədəni irsin qorunması və təbliği istiqamətində fəal rolunu bir daha nümayiş etdirmişdir.
Odlar Yurdu Universiteti, belə tədbirlərin təşkilatında göstərdiyi fəallığı ilə öz missiyasını uğurla davam etdirmişdir.