OYU-da ENGAGE layihəsi çərçivəsində davamlı sahibkarlıq ekosisteminin inkişafı müzakirə edilmişdir

14 Dekabr, 2024

OYU-da ENGAGE layihəsi çərçivəsində davamlı sahibkarlıq ekosisteminin inkişafı müzakirə edilmişdir
Odlar Yurdu Universitetində “Azərbaycanda Ali Təhsildə Davamlı Sahibkarlıq Ekosisteminin Gücləndirilməsi” (ENGAGE) layihəsi çərçivəsində geniş müzakirələr keçirilmişdir. Görüşdə iştirakçı universitetlərin tədris işləri üzrə prorektorları, departament rəhbərləri və şöbə müdirləri bir araya gələrək, layihə məqsədlərinə uyğun olaraq sahibkarlıq fənninin tədris proqramlarına daxil edilməsi məsələlərini müzakirə etmişlər. Görüş həm universitetdə əyani, həm də digər universitetlərin əməkdaşları ilə canlı yayım vasitəsilə interaktiv formatda baş tutmuşdur.
Görüş zamanı layihənin əsas məqsədləri çərçivəsində sahibkarlıq təhsilinin inkişafı, tədris proqramlarının təkmilləşdirilməsi və tələbələrdə sahibkarlıq bacarıqlarının artırılması ilə bağlı aktual məsələlər diqqət mərkəzində olmuşdur. İştirakçılar, kurikulumların müasir tələblərə uyğunlaşdırılması və tədris prosesinə yeni metodların tətbiqi ilə bağlı təkliflər irəli sürmüşlər.
ENGAGE layihəsi çərçivəsində növbəti mərhələlərdə görüləcək işlər, fəaliyyət planları və milli ali təhsil sistemində sahibkarlıq ekosisteminin daha da gücləndirilməsi istiqamətində strateji addımlar müzakirə edilmişdir. Bu müzakirələr zamanı davamlı sahibkarlıq ekosisteminin qurulması üçün beynəlxalq təcrübələrin öyrənilməsi və yerli tədris proseslərinə uyğunlaşdırılması kimi məsələlər vurğulanmışdır.
Odlar Yurdu Universitetinin bu görüşdə ev sahibliyi etməsi, onun sahibkarlıq təhsilinin inkişafına və innovativ yanaşmaların tətbiqinə verdiyi dəstəyi bir daha təsdiqləmişdir. ENGAGE layihəsi çərçivəsində bu cür görüşlər, Azərbaycanın ali təhsil sistemində yeni yanaşmaların tətbiqinə və tələbələrin sahibkarlıq potensialının inkişafına mühüm töhfə verir.