OYU-da 20 Yanvar Faciəsinin 35-ci İldönümünə həsr olunmuş konfrans keçirilmişdir

19 Yanvar, 2025

OYU-da 20 Yanvar Faciəsinin 35-ci İldönümünə həsr olunmuş konfrans keçirilmişdir
Odlar Yurdu Universitetində 20 Yanvar faciəsinin 35-ci ildönümünə həsr edilmiş “Unudulmayan tariximizin sağalmaz izləri” adlı konfrans təşkil olunmuşdur.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlamış və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Konfransın açılışında Azərbaycan Respublikasının Milli Məclisinin deputatı, millət vəkili, professor Samir Vəliyev çıxış etmişdir. O, çıxışında 20 Yanvar faciəsinin tariximizdə oynadığı mühüm roldan, Ümummilli Lider Heydər Əliyevin bu həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasındakı misilsiz fəaliyyətindən, eləcə də Azərbaycanın inkişafı və milli dövlətçiliyimizin möhkəmləndirilməsi istiqamətində göstərdiyi tarixi xidmətlərdən, böyük xilaskarlıq missiyasından bəhs etmişdir.
Konfrans Odlar Yurdu Universitetinin və Kollecinin tələbələrinin çıxışları ilə davam etmişdir.
Tədbir çərçivəsində 20 Yanvar faciəsinə həsr olunmuş videoçarx nümayiş etdirilmiş, o dövrdə baş verən hadisələrin əhəmiyyəti bir daha vurğulanmışdır.
Tədbirin sonunda, “İnşa-yazı” və “Rəsm” müsabiqələrində qalib gələn Odlar Yurdu Universiteti və Kollecinin istedadlı tələbələri xüsusi mükafatlarla təltif edilmişdir.
Odlar Yurdu Universiteti tərəfindən təşkil edilən bu konfrans, Azərbaycanın müstəqillik uğrunda həyatını itirmiş qəhrəmanlarının xatirəsini əziz tutmaq və bu şanlı tarixi gənc nəslə çatdırmaq məqsədini daşıyır. Belə tədbirlər, gələcək nəsillərə vətən sevgisi aşılamaq və onların tarixə olan hörmətini artırmaq baxımından əvəzsiz bir əhəmiyyət kəsb edir.