OYU-da Azərbaycan Gəncləri Gününə həsr olunmuş tədbir keçirilmişdir

31 Yanvar, 2025

OYU-da Azərbaycan Gəncləri Gününə həsr olunmuş tədbir keçirilmişdir
Odlar Yurdu Universitetində 2 Fevral – Azərbaycan Gəncləri Günü münasibətilə tədbir təşkil olunmuşdur. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açıq elan edilmiş, daha sonra Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Tədbirdə açılış nitqi ilə çıxış edən Azərbaycan Respublikasının Milli Məclisinin deputatı, millət vəkili, professor Samir Vəliyev bayram münasibətilə gəncləri təbrik etmiş və çıxışında qeyd etmişdir ki, ölkəmizdə gənclərin mənəvi-ideoloji və fiziki tərbiyəsinə, onların sağlamlığının qorunmasına xüsusi diqqət yetirilir. O vurğulamışdır ki, Azərbaycanın qüdrətli dövlətə çevrilməsi naminə gənclərin potensialından səmərəli istifadə edilməsi və bunun üçün əlverişli şəraitin yaradılması Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi dövlət gənclər siyasətinin əsasını təşkil edir.
Daha sonra tədbirdə tələbələrimiz tərəfindən hazırlanan 2 Fevral – Azərbaycan Gəncləri Gününə həsr olunmuş videoçarx təqdim edilmişdir.
Tədbir zamanı universitetimizin və kollecimizin ictimai həyatında fəallığı ilə seçilən bir qrup tələbə fəxri fərmanlar və mükafatlarla təltif edilmişlər.
Tədbir tələbələrimizin ifasında musiqi nömrələri ilə davam etmiş və bayram əhval-ruhiyyəsində yekunlaşmışdır.