Odlar Yurdu Universitetində Xocalı Soyqırımının 33-cü İldönümü anılmışdır

26 Fevral, 2025

Odlar Yurdu Universitetində Xocalı Soyqırımının 33-cü İldönümü anılmışdır
26 fevral tarixində Odlar Yurdu Universitetində Xocalı soyqırımının 33-cü ildönümünə həsr olunmuş konfrans keçirilmişdir. Tədbir, himnimizin səsləndirilməsi ilə başlamış və ardınca Vətənimizin azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsi dərin ehtiramla anılmışdır.
Azərbaycan Respublikası Milli Məclisinin deputatı, millət vəkili, professor Samir Vəliyev konfransda açılış nitqi ilə çıxış etmişdir. O, XX əsrin sonunda baş vermiş Xocalı faciəsinin təkcə Azərbaycan xalqına deyil, bütövlükdə insanlığa və bəşəri dəyərlərə qarşı yönəlmiş ən amansız qətliamlardan biri olduğunu vurğulamışdır. Çıxışında professor Samir Vəliyev bu tarixi ədalətsizliyin beynəlxalq ictimaiyyət tərəfindən tanınmasının və soyqırımı cinayətlərinə hüquqi qiymət verilməsinin vacibliyini diqqətə çatdırmışdır. O, həmçinin 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun döyüş meydanında Xocalı şəhidlərinin qisasını aldığını və ölkəmizin ərazi bütövlüyünün bərpa olunduğunu qeyd etmişdir.
Daha sonra tədbir Xocalı faciəsinə dair çıxışlarla davam etmişdir. Tələbələr Xocalı soyqırımına həsr olunmuş şeirlər səsləndirmiş, faciənin şahidlərinin xatirələrindən parçalar təqdim etmiş və Xocalı həqiqətlərini əks etdirən tarixi faktları auditoriya ilə bölüşmüşlər. Onlar çıxışlarında bu faciənin Azərbaycan xalqının yaddaşından heç vaxt silinməyəcəyini, dünya ictimaiyyətinin bu soyqırımı tanıması üçün hər kəsin üzərinə böyük məsuliyyət düşdüyünü vurğulamışlar.
Tədbirin sonunda iştirakçılar Xocalı qurbanlarının və bütün şəhidlərimizin əziz xatirəsini bir daha dərin hüzn və ehtiramla yad etmişlər.