23 dekabr 2017-ci il tarixində Odlar Yurdu Universitetində Azərbaycan Respublikası Prezidentinin Yanında Bilik Fondu, Odlar Yurdu Universiteti və Hədəf Kurslarının birgə təşkilatçılığı ilə 31 dekabr “Dünya Azərbaycanlılarının Həmrəylik Günü”nə həsr olunan VIII “Fənlərin Dostluğu Olimpiadası”nın qaliblərinin mükafatlandırılması mərasimi keçirildi.
Respublikamızda fəaliyyət göstərən orta ümumtəhsil məktəblərinin Azərbaycan bölməsində təhsil alan IX-X sinif şagirdləri arasında keçirilən Olimpiadanın bu ilki buraxılışında ölkənin müxtəlif bölgələrindən 1200-dən çox şagird iştirak etmişdir. Olimpiadada ən yüksək bal toplamış ilk 10 şagird təşkilatçılar və sponsorlar tərəfindən qiymətli hədiyyələrlə mükafatlandırıldı.
Tədbirin açılışında Odlar Yurdu Universitetinin rektoru professor Əhməd Vəliyev bildirdi ki, belə olimpiadaların keçirilməsi, cənab Prezident İlham Əliyevin təhsil sahəsində apardığı siyasətin inkişafına müsbət təsir göstərəcək. O, bu cür tədbirlərin yeniyetmələr arasında elmə, biliyə marağın artmasına, tariximizin və ədəbiyyatımızın öyrənilməsinə təkan verəcəyini, həmçinin fənlərarası əlaqəni möhkəmləndirəcəyini və şagirdlərə fənlərin bir-biri ilə bağlılığını öyrədəcəyini vurğuladı. Rektor, bu inteqrasiyanın xüsusi istedada malik şagirdləri müəyyənləşdirərək onların gələcək fəaliyyətlərində stimullaşdırıcı rol oynayacağını qeyd etdi.
Mükafatlandırma mərasimi zamanı I yeri Sumqayıt şəhəri Texniki və Təbiət Elmləri Liseyinin 10-cu sinif şagirdi Yaşar Kərimli, II yeri isə həmin liseyin digər 10-cu sinif şagirdi Hüseynzadə Yusif qazandı. III yeri isə Akademik Zərifə Əliyeva adına Liseyin 10-cu sinif şagirdi Hacızadə Toğrul tutdu.
Tədbir, Odlar Yurdu Universiteti və Odlar Yurdu Kollecinin tələbələrinin ifası ilə davam etdi.