Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin, Nərimanov Rayon Gənclər və İdman İdarəsinin və Odlar Yurdu Universitetinin birgə təşkilatçılığı ilə "Fashion Style - 2019" moda festivalı keçirildi. 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunan bu tədbirdə ali və orta ixtisas təhsil müəssisələrinin tələbələri iştirak etdilər.
Festivalın əsas məqsədi gənclərin yaradıcılıq potensialını üzə çıxarmaq, onların innovativ ideyalarını dəstəkləmək və asudə vaxtlarını səmərəli təşkil etmək idi.
Tədbirdə Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəis müavini Aydın Yusifov, Odlar Yurdu Universitetinin rektoru, professor Əhməd Vəliyev, universitetin müəllim heyəti, fəal gənclər və məktəblilər iştirak etdilər. Açılış mərasimində çıxış edən Aydın Yusifov tədbir iştirakçılarını qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl münasibətilə təbrik edərək bu bayramın əhəmiyyəti və ümummilli lider Heydər Əliyevin milli həmrəyliyin möhkəmləndirilməsi sahəsində gördüyü işlərdən bəhs etdi.
Festival çərçivəsində tələbələr ziyafət geyimləri nominasiyası üzrə öz modellərini nümayiş etdirdilər. Münsiflər heyətinin qiymətləndirməsi nəticəsində qaliblər aşağıdakı kimi müəyyən olundu:
Qızlar arasında
I yer – Odlar Yurdu Universitetinin tələbəsi Məmmədova Şölə
II yer – Azərbaycan Dövlət İqtisad Universitetinin tələbəsi Kərimova Rəfiqə
III yer – Odlar Yurdu Universitetinin tələbəsi Quliyeva Pərvanə
Oğlanlar arasında
I yer – Azərbaycan Dövlət Pedaqoji Universitetinin tələbəsi Hüseynov Nurlan
II yer – Qərbi Kaspi Universitetinin tələbəsi Osmanov Vüsal
III yer – Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbəsi Atamoğlanov Azər
Qaliblər təşkilatçılar tərəfindən diplom və hədiyyələrlə mükafatlandırıldılar.
Festivalda Odlar Yurdu Universiteti, Azərbaycan Turizm və Menecment Universiteti, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası, Qərbi Kaspi Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Texniki Universiteti, Sumqayıt Dövlət Universiteti, Odlar Yurdu Kolleci və Bakı Humanitar Kollecinin tələbələri iştirak etdilər.
Tədbir Odlar Yurdu Universitetinin tələbələri tərəfindən hazırlanmış konsert proqramı ilə başa çatdı.