Odlar Yurdu Universitetində tələbə elmi cəmiyyətinə yeni sədr seçilib

21 Sentyabr, 2017

Odlar Yurdu Universitetində tələbə elmi cəmiyyətinə yeni sədr seçilib

Odlar Yurdu Universitetinin Tələbə Elmi Cəmiyyətinə (TEC) növbəti sədr seçkiləri keçirilib. Tədbiri giriş sözü ilə açan universitetin elmi işlər üzrə prorektoru, professor Tərlan Abdullayev, iştirakçılara Tələbə Elmi Cəmiyyətinin əsas məqsədi barədə məlumat verib. O, TEC-in ali təhsilli mütəxəssislərin hazırlanmasının keyfiyyətini yüksəltmək, elmi-təşkilati tədbirlər həyata keçirmək, elmi-texniki potensialı qorumaq və təhsilalanların elmi tədqiqat fəaliyyətini yeni sosial-iqtisadi şəraitə uyğunlaşdırmaq məqsədini güddüyünü vurğulayıb.

Daha sonra çıxış edən Tələbə Elmi Cəmiyyətinin sədri Günay İmanova, Odlar Yurdu Universitetinin son bir ildəki elmi fəaliyyətinə nəzər salıb və tələbələrin elmi-tədqiqat işlərinə cəlb olunması, elmi axtarışların aparılması və əlaqələndirilməsi sahəsindəki uğurları qeyd edib. O, tələbələri bundan sonra da fəal olmağa çağıraraq, TEC-in gələcək fəaliyyətinə uğurlar arzulayıb.

Tədbirdə daha sonra səsvermə keçirilib. Açıq səsvermə yolu ilə keçirilən seçkilərdə Odlar Yurdu Universitetinin II kurs tələbəsi Arzu Cəfərzadə TEC-in yeni sədri seçilib. Arzu Cəfərzadə, 2012-ci ildə Bakı İdarəetmə və Texnologiya Kollecinin “İnformatika müəllimliyi” ixtisasına qəbul olub və bu müddətdə kollecin Tələbə Gənclər Təşkilatında aktiv fəaliyyət göstərib. 2014-2015-ci illərdə isə Tələbə Gənclər Təşkilatının sədri vəzifəsində çalışıb. 2016-cı ildə isə Odlar Yurdu Universitetinin “Xarici dil müəllimliyi” ixtisasına qəbul olub.

Yeni sədrimizi təbrik edir və gələcək fəaliyyətində uğurlar arzulayırıq!