18 oktyabr 2021-ci il tarixində YAP Nərimanov rayon təşkilatı və "Odlar Yurdu" Universitetinin birgə təşkilatçılığı ilə "Müstəqilliyin Bərpası Günü"nə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, "Odlar Yurdu" Universitetinin rektoru Əhməd Vəliyev, Milli Məclisin deputatı Hikmət Babaoğlu, YAP Nərimanov rayon təşkilatının sədri Samir Vəliyev, Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, Universitetin müəllim heyəti və gənclər iştirak etmişdir.
Qonaqlar ilk öncə Ümumilli Lider Heydər Əliyevin büstü önünə gül dəstələri qoyaraq Ulu Öndərin əziz və parlaq xatirəsini ehtiramla yad etmişlər.
Tədbirdə çıxış edən Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, "Odlar Yurdu" Universitetinin rektoru Əhməd Vəliyev, Milli Məclisin deputatı Hikmət Babaoğlu, YAP Nərimanov rayon təşkilatının sədri Samir Vəliyev 1918-ci ildə yaranan Azərbaycan Demokratik Respublikasının cəmi 23 ay yaşadığını və bu müstəqilliyi ölkəmizin 1991-ci ilin 18 oktyabr tarixində yenidən bərpa etdiyini bildiriblər. Müstəqilliyin ilk illərinin gənc suveren bir ölkə üçün asan olmadığını və Azərbaycanın böyük çətinliklərlə üzləşdiyini, bir tərəfdən Ermənistanın hərbi təcavüzünün davam etdiyini, digər tərəfdən ölkədə iqtisadiyyatın iflic vəziyyətə düşdüyünü və daxili sabitliyin pozulduğunu, eləcə də Azərbaycan dövlətçiliyi üçün konkret təhdidlər və risklərin olduğunu qeyd edən çıxışçılar məhz o çətin dövrdə Azərbaycan xalqının tələbi ilə Ulu Öndər Heydər Əliyevin Azərbaycana qayıtdığını, 1993-cü ildə hakimiyyətə gəldiyini diqqətə çatdırıblar. Heydər Əliyevin xaos və anarxiyanı, iqtisadi, siyasi, mənəvi və psixoloji gərginliyi aradan qaldırdığını, bununla da müstəqil Azərbaycanın yeni inkişaf yoluna imza atdığını vurğulayaraq, Ulu Öndərin apardığı uzaqgörən siyasət nəticəsində Azərbaycanın müstəqilliyinin əbədi və sarsılmaz olduğunu natiqlər diqqətə çatdırıblar.
Rəsmi çıxışlardan sonra “Odlar Yurdu” Universitetinin tələbələrinin Azərbaycanın müstəqilliyinin bərpası gününə həsr edilmiş şeirləri, milli ruhda səslənən musiqiləri dinlənilmiş, Cəfər Cabbarlının “Od gəlini” pyesindən səhnəcik təqdim edilmişdir.