Odlar Yurdu Universitetində SİP üzrə görüş keçirilib

01 İyul, 2022

Odlar Yurdu Universitetində SİP üzrə görüş keçirilib

Odlar Yurdu Universitetində 2022-2027-ci illəri əhatə edən Strateji İnkişaf Planının (SİP) hazırlanması məqsədilə maraqlı tərəflərin növbəti görüşü keçirilmişdir. Görüşdə iştirakçılara 2017-2022-ci illəri əhatə edən SİP-in yekun hesabatı təqdim olunmuşdur.

İclasda Vətəndaş Cəmiyyəti İnstitutlarını təmsil edən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şura, “Ümman” Əlil Uşaqlara Qayğı İctimai Birliyi, “Vətəndaşların Sosial Rifahı Naminə” İctimai Birliyi, “İnklüziv Cəmiyyət Naminə” İctimai Birliyi və “İqtisadçı Tələbələrin Elmi Fəaliyyətinə Yardım” İctimai Birliyinin nümayəndələri iştirak etmişdir. Onlar inklüziv mühitin inkişaf etdirilməsi, bu məqsədlə pandusların quraşdırılması, yeməkxana infrastrukturunun təkmilləşdirilməsi, tələbələrin beynəlxalq konfranslarda iştirakının və mübadilə proqramlarına cəlb edilməsinin genişləndirilməsi, eləcə də təhsilalanların sosial vəziyyətinin mütəmadi olaraq qiymətləndirilməsinin təmin edilməsi kimi məsələlərin Strateji İnkişaf Planında yer almasını təklif etmişlər.

İclasda OYU-nun struktur bölmələrinin nümayəndələri yeni elmi-tədqiqat strategiyasının və beynəlmiləlləşmə siyasətinin formalaşdırılmasının vacibliyini vurğulayaraq, bu məsələlərin SİP-də yer almasının zəruriliyini qeyd etmişlər. Bundan əlavə, OYU-nun tələbələrini təmsil edən Tələbə Elmi Cəmiyyətinin (TEC) və Tələbə Gənclər Təşkilatının (TGT) sədrləri, SİP-in hazırlanması ilə bağlı tələbələrlə keçirilən görüşlərin nəticələrinə əsasən irəli sürülən təkliflərin də Strateji İnkişaf Planında əks olunmasının, tələbələrin şəxsi inkişaf potensialının artırılması baxımından faydalı olacağını bildirmişlər.