Azərbaycan Texnologiya Universitetinin (ATU) İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə Gəncə şəhərində keçirilmiş “GreenTech” II Startap və Yaşıl Texnologiyalar müsabiqəsində Odlar Yurdu Universitetinin tələbələri uğurla iştirak etmişlər. Tədbirin əsas məqsədi Azərbaycanda texnoloji yeniliklər və yaşıl texnologiyalar sahəsində inkubasiya mühitinin inkişafına dəstək vermək, ətraf mühitin qorunması istiqamətində innovativ yanaşmaları təşviq etmək olmuşdur.
Odlar Yurdu Universitetinin 756ITS qrupunun tələbələri — Elmir Quliyev, Elnur İbrahimli və Məhəmməd Məhərrəmli — bu mötəbər tədbirdə “EcoFriends” adlı layihə ilə çıxış etmişlər. Rəqəmsal ekologiya və innovativ texnologiyalar vasitəsilə hazırlanmış layihə ətraf mühitin mühafizəsinə yönəlmiş yaradıcı və funksional həlləri ilə seçilərək münsiflər heyətinin və iştirakçıların böyük marağına səbəb olmuşdur.
Tələbələrə mentorluq dəstəyini Odlar Yurdu Universitetinin Startap və İnkubasiya Mərkəzinin rəhbəri, Riyaziyyat və Rəqəmsal Texnologiyalar kafedrasının müəllimi Rəvanə Göyüşlü göstərmişdir. Onun rəhbərliyi və peşəkar istiqamətləndirməsi nəticəsində tələbələr layihələrini yüksək səviyyədə təqdim etmiş, yaşıl texnologiyalar sahəsindəki bilik və bacarıqlarını uğurla nümayiş etdirmişlər.
Odlar Yurdu Universiteti hər zaman tələbələrinin innovativ təşəbbüslərini dəstəkləmiş, onların yaradıcılıq potensialının üzə çıxarılması üçün geniş imkanlar yaratmışdır. Bu uğurlu çıxış Odlar Yurdu Universitetinin tələbə yönümlü təhsil siyasətinin və müasir baxışlı inkişaf strategiyasının bariz nümunəsi olmuşdur.