Odlar Yurdu Universitetinin Filologiya və humanitar fənlər kafedrasının təşəbbüsü ilə elmi-metodiki seminar təşkil olunmuşdur. Seminarın keçirilməsində əsas məqsəd müəllim heyətinin elmi-metodiki hazırlığının təkmilləşdirilməsi, aktual elmi məsələlərin müzakirəsi və pedaqoji fəaliyyətə inteqrasiya edilə biləcək yeni yanaşmaların bölüşdürülməsi olmuşdur.
Elmi-metodiki seminarda Filologiya və humanitar fənlər kafedrasının dosenti, fəlsəfə üzrə fəlsəfə doktoru Mehralıyeva Ülviyyə Tacir qızı “Etnik müxtəliflik və milli ideya” mövzusunda məruzə ilə çıxış etmişdir. Məruzə çərçivəsində etnik müxtəlifliyin cəmiyyətin sosial-mədəni strukturlarına təsiri, milli ideyanın formalaşmasında dilin, tarix şüurunun və mədəni dəyərlərin rolu elmi təhlil obyektinə çevrilmişdir. Natiq bu məsələlərin həm nəzəri, həm də tətbiqi aspektlərini işıqlandırmış, müasir cəmiyyətlərdə etnik fərqliliklərlə yanaşı vahid milli kimliyin qorunub saxlanılmasının əhəmiyyətinə diqqət çəkmişdir.
Məruzədən sonra iştirakçılar arasında mövzu ətrafında interaktiv müzakirələr aparılmış, seminar iştirakçıları tərəfindən müxtəlif elmi-metodiki yanaşmalar irəli sürülmüşdür. Çıxışlar zamanı xüsusilə çoxmillətli cəmiyyətlərdə milli ideyanın möhkəmləndirilməsi və etnik harmoniyanın qorunması mövzularına toxunulmuşdur.
Odlar Yurdu Universitetində keçirilən bu kimi elmi-metodiki seminarlar müəllimlərin elmi dünyagörüşünün genişləndirilməsi, elmi araşdırmaların praktik tədris prosesinə tətbiqi və humanitar sahələr üzrə metodiki yeniliklərin paylaşılması baxımından böyük əhəmiyyət kəsb edir.