Odlar Yurdu Universitetinin “İqtisadiyyat və iqtisadi münasibətlər” kafedrasının baş müəllimi, Çin İqtisadçılar Cəmiyyətinin üzvü Aslan Əzimzadə media üçün verdiyi müsahibədə Azərbaycanın beynəlxalq nəqliyyat və iqtisadi əməkdaşlıq sahəsində artan rolunu dəyərləndirmişdir. Ekspertin fikrincə, Bakı-Tbilisi-Qars dəmir yolu xətti ənənəvi dəhlizləri əvəz etməklə Çin və Avropa arasında fasiləsiz yükdaşımaların təmin olunmasında strateji əhəmiyyət kəsb etmişdir.
Aslan Əzimzadə bildirmişdir ki, Çin ilə əməkdaşlıq yalnız ticarət və logistika sahələri ilə məhdudlaşmamalı, elmi-tədqiqat istiqamətində də genişləndirilməlidir. Onun sözlərinə görə, Çində aparılmış müasir iqtisadi tədqiqatlar milli iqtisadiyyatın inkişafının beynəlxalq maliyyə institutlarının standart metodologiyalarına əsaslanmadan da mümkün olduğunu sübut etmişdir.
Mütəxəssis vurğulamışdır ki, Çin modelində sahə və struktur proporsiyalarının dərindən təhlili, eləcə də sahələrarası balans modeli əsasında strateji planlaşdırma yanaşmaları Azərbaycan üçün də aktual ola bilər. Bu baxımdan, Çin təcrübəsinin öyrənilməsi və tətbiqi ölkəmizdə iqtisadi idarəetmə mexanizmlərinin təkmilləşdirilməsində mühüm alət kimi çıxış edə bilər.
Qeyd etmək lazımdır ki, Odlar Yurdu Universitetində yüksək elmi potensiala və beynəlxalq təcrübəyə malik mütəxəssislərin fəaliyyəti universitetin ölkənin elmi-intellektual həyatında oynadığı rolu daha da artırır. Belə ekspertlərin elmi yanaşmaları və strateji baxışları həm tədris mühitinə, həm də ölkənin iqtisadi inkişafına töhfə verir. Aslan Əzimzadə kimi alimlərin mövcudluğu Odlar Yurdu Universitetinin təhsil və tədqiqat məkanında nüfuzlu mövqe tutduğunu bir daha nümayiş etdirməkdədir.