OYU-da “Startup School 3” layihəsi çərçivəsində ilk infosessiya uğurla həyata keçirilmişdir

13 May, 2025

OYU-da “Startup School 3” layihəsi çərçivəsində ilk infosessiya uğurla həyata keçirilmişdir
Odlar Yurdu Universitetinin Startap və inkubasiya mərkəzinin təşkilatçılığı ilə İqtisadi islahatların təhlili və kommunikasiya mərkəzinin operatoru olduğu “Enterprise Azerbaijan” portalının “Startup School 3” layihəsi çərçivəsində ilk infosessiya universitetin ev sahibliyi ilə uğurla gerçəkləşdirilmişdir.
Layihənin təqdimat mərasimində Odlar Yurdu Universitetinin tələbələri, gənc startapçılar və innovasiya sahəsinə maraq göstərən digər iştirakçılar fəal iştirak etmişlər. Infosessiyada məqsəd gənclərin innovativ potensialını gücləndirmək, startap yönümlü düşüncə tərzini təşviq etmək və onları beynəlxalq innovasiya mühitinə inteqrasiya imkanları ilə tanış etmək olmuşdur.
Tədbir çərçivəsində “Enterprise Azerbaijan” portalının rəhbəri İsa Qasımov “Yaşıl və Rəqəmsal İpək Yolu” beynəlxalq akselerasiya proqramı barədə ətraflı məlumat təqdim etmişdir. O bildirmişdir ki, bu proqramın əsas məqsədi yaşıl texnologiyalar və rəqəmsal inkişaf sahəsində fəaliyyət göstərən startaplara dəstək göstərmək, ekosistemə yeni təşəbbüslər qazandırmaq, regional əməkdaşlığı dərinləşdirmək və investisiya imkanlarını artırmaqdır.
Tədbirin təşkilində fəal rol alan Odlar Yurdu Universitetinin Startap və inkubasiya mərkəzinin rəhbəri, Riyaziyyat və rəqəmsal texnologiyalar kafedrasının müəllimi Rəvanə Göyüşlü layihənin universitetdə reallaşdırılmasının tələbələrin təşəbbüskarlıq və innovasiya bacarıqlarının inkişafı baxımından mühüm əhəmiyyət daşıdığını qeyd etmişdir.
Odlar Yurdu Universiteti bundan sonra da gənclərin ideyalarını reallaşdırmaları üçün innovativ təşəbbüslərə dəstək verməyi və startap ekosisteminin inkişafına töhfə göstərməyi qarşısına məqsəd qoymuşdur.