Ölkənin ən nüfuzlu intellektual platformalarından biri olan “Söhbətgah”ın canlı diskussiyası bu dəfə Nizami Kino Mərkəzində baş tutmuşdur. Maarifləndirici və cəmiyyətə dəyər verən diskussiyaları ilə seçilən bu platformanın budəfəki buraxılışı tanınmış aparıcılar Tural Yusifov və Əli Xəyyamın moderatorluğu ilə gerçəkləşmişdir. Tədbirin əsas qonaqlarından biri isə Odlar Yurdu Universitetinin fəal və peşəkar nümayəndəsi – “İqtisadiyyat və iqtisadi münasibətlər” kafedrasının baş müəllimi, Karyera və məzunlarla İş (ALUMNI) departamentinin rəhbəri Aslan Əzimzadə olmuşdur.
Odlar Yurdu Universitetində formalaşmış analitik düşüncə tərzinin və dərin elmi biliklərin bariz təcəssümü olan Aslan Əzimzadə tədbirdə “Azərbaycanın iqtisadi modeli necə olmalıdır?” mövzusunda çıxış etmişdir. O, iqtisadi inkişafın davamlılığı, innovativ iqtisadi siyasətin tətbiqi və real sektorun gücləndirilməsi istiqamətində dəyərli fikirlərini bölüşmüş, bir sıra aktual təkliflər irəli sürmüşdür. Onun müasir yanaşmalarla zəngin, əsaslandırılmış çıxışı iştirakçılar və dinləyicilər tərəfindən böyük maraqla qarşılanmışdır.
Müzakirə zamanı səsləndirilmiş fikirlər ölkənin gələcək iqtisadi inkişaf strategiyalarına dair geniş düşüncə platforması yaratmış, auditoriyada yeni baxış bucaqları formalaşdırmışdır. Aslan Əzimzadənin çıxışı Odlar Yurdu Universitetində aparılmış yüksək səviyyəli elmi-tədqiqat fəaliyyətinin və universitetin cəmiyyətə yönəlmiş fəal mövqeyinin bariz nümunəsi kimi dəyərləndirilmişdir.
Qeyd edilməlidir ki, Odlar Yurdu Universiteti təkcə tədris və elmi nailiyyətləri ilə deyil, həm də akademik heyətinin ictimai müzakirələrdə fəal iştirakı ilə seçilmişdir. Universitetin nümayəndələrinin bu kimi platformalarda iştirakı onun ölkə həyatında mühüm və strateji rol oynadığını bir daha sübut etmişdir.
“Söhbətgah” platforması isə müxtəlif sahələr üzrə tanınmış simaları bir araya gətirməklə, cəmiyyətin intellektual inkişafına yüksək töhfələr vermişdir.