Dizayn tələbələrinin yaradıcılığı imtahan mühitini sənət sərgisinə çevirdi

23 İyun, 2025

Dizayn tələbələrinin yaradıcılığı imtahan mühitini sənət sərgisinə çevirdi

Odlar Yurdu Universitetində 2024/2025-ci tədris ilinin yaz semestrinin imtahan sessiyası tələbələrin yalnız akademik biliklərinin deyil, eyni zamanda yaradıcılıq potensiallarının da üzə çıxmasına şərait yaratdı. Xüsusilə Dizayn ixtisasının II kurs tələbələrinin təqdim etdikləri rəsmlər imtahan mühitinə sənət ab-havası bəxş edərək, onu adətən gərgin keçən bir prosesdən fərqli olaraq ilhamlandırıcı bir müstəviyə daşıdı.

Tələbələr bu imtahanda yalnız texniki bacarıqlarını yox, həm də daxili duyğularını, düşüncələrini fırça və rənglər vasitəsilə ifadə etməyə çalışdılar. Hər bir əsər özünəməxsus üslub, estetik yanaşma və rəng duyumu ilə seçilərək müəllim heyətinin də xüsusi marağına səbəb oldu. Bəzi işlərdə klassik sənət ənənələrinə bağlılıq hiss olunurdusa, digərlərində müasir yanaşmalar və fərqli eksperimentlər özünü göstərirdi.

Odlar Yurdu Universiteti yaradıcılığın təşviq olunduğu tədris mühiti ilə fərqlənir və tələbələrin fərdi bacarıqlarını kəşf etmələrinə hər zaman dəstək verir. Bu imtahan bir daha göstərdi ki, bu universitetdə təhsil almaq yalnız akademik bilik qazanmaq deyil, həm də sənətə çevrilmiş bir həyat tərzini yaşamaq deməkdir.