Odlar Yurdu Universiteti 30 illik yubileyini qeyd etməkdədir. Bu yubiley münasibətilə təşkil olunmuş “Karyera Həftəsi” layihəsi çərçivəsində möhtəşəm bir tədbirə imza atılmışdır. Belə ki, Odlar Yurdu Universitetinin Strateji inkişaf və karyera departamenti “Qanun” nəşriyyatı ilə birgə əməkdaşlıq çərçivəsində böyük marağa səbəb olmuş kitab sərgisi keçirmişdir.
Sərgi müddətində “Qanun” nəşriyyatının müxtəlif janrları əhatə edən zəngin kitab kolleksiyası nümayiş etdirilmişdir. Odlar Yurdu Universitetinin tələbə və müəllim heyəti sərgiyə böyük maraq göstərmişdir. Tədbirin ən diqqətçəkən elementlərindən biri universitet ərazisində fəaliyyət göstərmiş “Qanun” nəşriyyatının təkərli kitab dükanı olmuşdur. Mobilliyi ilə seçilən bu kitab dükanı tələbələrə sərgi boyu nəşrlərlə daha rahat tanış olmaq, sevimli kitablarına yerindəcə baxmaq və onları asanlıqla əldə etmək imkanı yaratmışdır.
Kitab sərgisi həm tələbələrin maariflənməsinə, həm də oxu mədəniyyətinin təbliğinə mühüm töhfələr vermişdir. Eyni zamanda, tədbir “Karyera Həftəsi”nin əsas məqsədlərinə uyğun olaraq iştirakçıların şəxsi inkişafına dəstək göstərmişdir.
“Karyera Həftəsi” çərçivəsində keçirilmiş bu kitab sərgisi tələbələrin elmə, ədəbiyyata və şəxsi inkişaf resurslarına əlçatanlığını əhəmiyyətli dərəcədə artırmışdır. Beləliklə, tədbir Odlar Yurdu Universitetinin 30 illik yubiley tədbirlərinə xüsusi bir rəng qatmışdır.