Odlar Yurdu Universiteti və Azərbaycan Qiymətləndiricilər Palatası arasında Anlaşma Memorandumu imzalanmışdır

11 Dekabr, 2025

Odlar Yurdu Universiteti və Azərbaycan Qiymətləndiricilər Palatası arasında Anlaşma Memorandumu imzalanmışdır

Odlar Yurdu Universiteti ilə Azərbaycan Qiymətləndiricilər Palatası arasında əməkdaşlığın genişləndirilməsini nəzərdə tutan Anlaşma Memorandumu imzalanmışdır. Görüşdə hər iki qurumun rəhbər şəxsləri çıxış edərək bu tərəfdaşlığın əhəmiyyətinə dair fikirlərini bölüşmüşdür.
Odlar Yurdu Universiteti tərəfindən çıxış edən İdarəetmə Şurasının sədri, Milli Məclisin deputatı, professor Samir Vəliyev memorandumun universitetin əmək bazarı ilə əlaqələrinin möhkəmləndirilməsinə xidmət etdiyini bildirmiş və tərəfdaşlığı yüksək qiymətləndirmişdir.
Strateji inkişaf və beynəlxalq əlaqələr üzrə prorektor, professor Elşad Məmmədov əməkdaşlığın elmi-tədqiqat potensialının genişlənməsinə imkan verəcəyini, tələbələr üçün real təcrübə platforması yaradacağını diqqətə çatdırmışdır.
Strateji inkişaf və karyera departamentinin rəhbəri Aslan Əzimzadə bu əməkdaşlığın universitetdə karyera yönümlü ekosistemin daha da gücləndirilməsinə xidmət etdiyini vurğulamışdır.
Azərbaycan Qiymətləndiricilər Palatasının nümayəndələri də çıxış edərək memoranduma münasibətlərini bildirmişdir.
Palatanın Rəyasət Heyətinin sədri Nüsrət İbrahimov qiymətləndirmə sektorunda peşəkar kadr hazırlığının gücləndirilməsinin vacibliyini qeyd etmiş və universitetlə əməkdaşlığın bu istiqamətdə mühüm rol oynayacağını vurğulamışdır.
Rəyasət Heyətinin müavini Ayan Qəmbərova memorandumu real sektorun tədris prosesinə inteqrasiyası baxımından əhəmiyyətli addım kimi dəyərləndirmiş, tələbələrin praktik bacarıqlarının artırılmasına xüsusi diqqət çəkmişdir.
Rəyasət Heyətinin digər müavini Günay İsmayılqızı çıxışında əməkdaşlığın həm tələbələr, həm də mütəxəssislər üçün yeni imkanlar açacağını, birgə təlim və layihələrin sektorda keyfiyyət artımına səbəb olacağını qeyd etmişdir.
İntizam Komissiyasının sədri Nahid Həsənov qiymətləndirmə sahəsində etik standartların və peşə davranış qaydalarının tədris prosesində gücləndirilməsinin önəmini vurğulamışdır.
Tərəflər bildirmişdir ki, memorandum çərçivəsində birgə təlimlər, seminarlar, elmi layihələr, tələbə təcrübələri və sertifikat proqramları həyata keçiriləcəkdir. Sənəd iki qurum arasında uzunmüddətli və səmərəli əməkdaşlığın başlanğıcı kimi qiymətləndirilmişdir.