Odlar Yurdu Universitetinin Təbiət və texnologiyalar fakültəsinin dekanı, tədqiqatçı Məhərrəmova Sevinc Telman qızının “Migration of heavy metals in the soil profile of machine” adlı elmi məqaləsi biologiya və ətraf mühit elmləri sahəsində nüfuzlu beynəlxalq elmi nəşr olan Bioscience Research jurnalında dərc edilmişdir.
Məqalədə texnogen və nəqliyyat təsirinə məruz qalmış ərazilərdə ağır metalların torpaq profilində vertikal miqrasiyası, akkumulyasiya xüsusiyyətləri və paylanma qanunauyğunluqları elmi-metodoloji əsaslarla təhlil olunmuşdur. Tədqiqatın əsas məqsədi antropogen fəaliyyət nəticəsində torpağa daxil olan ağır metalların müxtəlif dərinlik qatları üzrə yayılma mexanizmlərini müəyyənləşdirmək və onların ekoloji risklərini qiymətləndirməkdən ibarət olmuşdur.
Araşdırma çərçivəsində torpağın müxtəlif genetik qatlarından götürülmüş nümunələr üzərində müasir laborator analiz metodları tətbiq edilmiş, sink (Zn), qurğuşun (Pb), mis (Cu), xrom (Cr), kobalt (Co) və civə (Hg) kimi ağır metalların konsentrasiya səviyyələri müqayisəli şəkildə araşdırılmışdır. Nəticələr göstərmişdir ki, ağır metalların torpaq profilində miqrasiya intensivliyi onların kimyəvi xüsusiyyətləri ilə yanaşı, torpağın mexaniki tərkibi, pH göstəriciləri, humus ehtiyatı və rütubət rejimi ilə sıx bağlıdır.
Tədqiqat nəticələrinə əsasən müəyyən edilmişdir ki, bəzi ağır metallar yüksək mobillik nümayiş etdirərək torpağın dərin qatlarına qədər nüfuz etdiyi halda, digərləri əsasən üst qatlarda toplanaraq uzunmüddətli çirklənmə mənbəyinə çevrilir. Bu proses torpaq-bitki sistemi vasitəsilə ağır metalların qida zəncirinə daxil olma riskini artırır və ekoloji təhlükəsizlik baxımından ciddi narahatlıq doğurur.
Məqalədə nəqliyyat mənşəli ağır metal çirklənməsinin torpaq ekosistemlərinin davamlılığına mənfi təsiri xüsusi vurğulanır və bu istiqamətdə aparılan elmi tədqiqatların torpaq resurslarının qorunması, ekoloji monitorinq və dayanıqlı ətraf mühit siyasətinin formalaşdırılması baxımından mühüm əhəmiyyət daşıdığı qeyd olunur.
Qeyd edək ki, Bioscience Research jurnalı beynəlxalq elmi ictimaiyyət tərəfindən tanınan, yüksək akademik standartlara cavab verən elmi nəşr olmaqla, Odlar Yurdu Universitetinin fakültə dekanının bu jurnalda məqalə ilə təmsil olunması universitetdə aparılan elmi-tədqiqat fəaliyyətinin səviyyəsini və beynəlxalq elmi mühitdə tanınmasını əyani şəkildə nümayiş etdirir.