Odlar Yurdu Universitetinin Təbiət və Texnologiya fakültəsinin Biologiya ixtisası üzrə III kurs tələbəsi Nərmin Tanarverdiyeva elmi və akademik fəaliyyət sahəsində növbəti mühüm uğura imza atmışdır. Tələbəmiz Təbiət və Texnologiya fakültəsinin dekanı, dosent Sevinc Məhərrəmovanın elmi rəhbərliyi ilə 27-30 yanvar 2026-cı il tarixlərində keçirilən, İKSAD Türkiyə və Odlar Yurdu Universitetinin birgə təşkilatçılığı ilə baş tutan “MEETCON-AZERBAIJAN ULUSLARARASI SOSYAL VE BEŞERİ BİLİMLER KONGRESİ” adlı beynəlxalq elmi konqresdə uğurla iştirak etmişdir.
Beynəlxalq səviyyəli bu nüfuzlu konqres müxtəlif ölkələrdən alimləri, tədqiqatçıları və gənc tədqiqatçıları bir araya gətirərək elmi biliklərin paylaşılmasına və akademik əməkdaşlıqların genişlənməsinə xidmət etmişdir. Nərmin Tanarverdiyeva konqres çərçivəsində “SCID və David Phillip Vetter - ‘Bubble Boy’ hadisəsi” mövzusunda hazırladığı elmi məqalə ilə çıxış edərək iştirakçıların böyük marağına səbəb olmuşdur.
Tədqiqat işi immunologiya və nadir genetik xəstəliklər sahəsində aktual elmi yanaşmaları əhatə etməklə yanaşı, mövzusunun elmi əsaslandırılması, müasir tədqiqat metodlarından istifadə və təqdimat bacarığı baxımından yüksək qiymətləndirilmişdir. Bu uğur tələbəmizin elmi potensialının, eləcə də dosent Sevinc Məhərrəmovanın rəhbərliyi altında aparılan məqsədyönlü elmi fəaliyyətin bariz nümunəsidir.
Nərmin Tanarverdiyevi qazandığı beynəlxalq nailiyyət münasibətilə təbrik edir, gələcək elmi fəaliyyətində yeni uğurlar arzulayırıq. Bu cür nailiyyətlər Odlar Yurdu Universitetinin tələbələrinin beynəlxalq elmi mühitdə artan nüfuzunun və akademik inkişaf strategiyasının göstəricisidir.