Samir Vəliyev: Rəqəmsal dövlət maliyyəsi sistemi büdcə idarəçiliyində səmərəliliyi artıracaq

03 Fevral, 2026

Samir Vəliyev: Rəqəmsal dövlət maliyyəsi sistemi büdcə idarəçiliyində səmərəliliyi artıracaq

Milli Məclisin plenar iclasında “Büdcə sistemi haqqında”, “Mühasibat uçotu haqqında” və “Dövlət satınalmaları haqqında” qanunlara dəyişiklik edilməsi barədə qanun layihəsi birinci oxunuşda müzakirə olunub.

Müzakirələr zamanı Odlar Yurdu Universitetində İdarəetmə Şurasının sədri, professor, Milli Məclisin üzvü Samir Vəliyev çıxış edərək layihənin strukturu və məzmununun aktual iqtisadi çağırışlara cavab verdiyini bildirib. Deputat qeyd edib ki, rəqəmsal həllərin iqtisadi sistemlərdə geniş tətbiqi artıq qlobal trend olmaqla yanaşı, idarəetmə qərarlarının operativliyinin və effektivliyinin artırılması baxımından mühüm əhəmiyyət daşıyır:

"Hazırda rəqəmsal həllərin informasiya texnologiyaları, o cümlədən makro müstəvidə iqtisadi sistemlərdə geniş formatda istifadəsi ilk növbədə dünya təcrübəsində formalaşmış beynəlxalq miqyaslı bir trend kimi deyil, aktual çağırış kimi qəbul edilməlidir. Çünki sözügedən məsələ iqtisadi proseslərin sürətlənməsinə, eyni zamanda idarəetmə qərarlarının effektivliyinin yüksəldilməsinə xidmət edir. Təqdirəlayiq haldır ki, son dövrlər respublikamızda dövlət maliyyəsinin idarə edilməsi istiqaməti üzrə həyata keçirilən institusional və sistemli islahatlar makroiqtisadi siyasətin müxtəlif komponentləri üzrə müsbət dinamikanın formalaşmasına yönəlmişdir. Bu məqamda qeyd etmək yerinə düşər ki, maliyyə naziri Sahil Babayevin Milli Məclisdə çıxışı zamanı vurğuladığı kimi, informasiya sistemlərinin vahid yanaşma əsasında qurulması və inkişaf etdirilməsi, qarşılıqlı inteqrasiyanın gücləndirilməsi və mərkəzləşdirilmiş idarəetmə mexanizmlərinin tətbiqi maliyyə idarəçiliyində səmərəliliyin, şəffaflığın və operativliyin artırılmasını təmin edəcəkdir".

Deputat həmçinin bildirib ki, şübhəsiz ki, dövlət maliyyə resurslarının formalaşdırılması, eləcə də onların xərclənməsi üzrə müvafiq innovativ rəqəmsal qərarların tətbiqi ölkəmizin iqtisadi imkanlarını genişləndirməli, müvafiq dövlət institutlarının səmərəli fəaliyyət göstərməsi üçün münbit platformaların yaradılmasına xidmət etməlidir:

"Təbii ki, belə olan halda həyata keçirilməli tədbirlər üçün tələb olunan qanunvericilik bazasının hüquqi və normativ əsaslarının təmin edilməsi zəruridir. Əminəm ki, qanunvericiliyə təklif edilən dəyişikliklər bu istiqamətdə mühüm addım olmaqla, maliyyə vəsaitlərinin dövriyyəsinin və effektivliyinin artırılmasına müsbət təsir göstərəcəkdir".

Deputat yekunda qanun layihəsinə təklif olunan dəyişikliklərin məqsədəuyğun olduğunu bildirərək, onların qəbul edilməsinin ölkədə büdcə prosesinin çevikliyini və effektivliyini artıracağını vurğulayıb:

Fikrimcə, təklif edilən dəyişikliklər çərçivəsində büdcə prosesində innovativ yanaşmaların tətbiqi, büdcənin formalaşması və icrası ilə bağlı çevikliyin yüksəldilməsi mühüm əhəmiyyət kəsb edir. Düşünürəm ki, rəqəmsal dövlət maliyyəsi informasiya sistemi mexanizmi iqtisadi çağırışlardan qaynaqlanaraq, bir tərəfdən dövlət maliyyə resurslarının formalaşması prosesinə, digər tərəfdən isə dövlət xərclərinin uçotunun aparılmasına müvafiq şərait yaratmalıdır". Hesab edirəm ki, rəqəmsal dövlət maliyyəsi informasiya sisteminin effektiv fəaliyyət göstərməsi iqtisadi artımın əsas təkanverici amillərindən olan investisiyaların artımına daha müsbət impuls verəcəkdir. Çıxışımın yekununda bildirmək istərdim ki, zənnimcə, hər üç dövlət qanunu ilə bağlı tədqiq edilən və müzakirəyə təqdim olunan dəyişikliklər büdcə daxilolmaları və büdcə xərcləri seqmentləri üzrə potensial imkanların reallaşdırılmasına, maliyyə resurslarının idarə edilməsi ilə bağlı müvafiq hədəf göstəricilərinin əldə olunmasına xidmət edəcək və onların qəbul edilməsi məqsədəuyğundur. Diqqətinizə görə təşəkkür edirəm".