OYU İdarəetmə Şurasının sədri: Azərbaycanın sülh təşəbbüsləri regionda yeni iqtisadi imkanlar yaradır

04 Fevral, 2026

OYU İdarəetmə Şurasının sədri: Azərbaycanın sülh təşəbbüsləri regionda yeni iqtisadi imkanlar yaradır

"ABŞ-ın vitse-prezidentinin Davos Forumunda iştirakı və Prezident Donald Trampla bağlı səfərləri regionda sülh təşəbbüsləri və iqtisadi əməkdaşlıq gündəliyinə yönəlib. Bu səfərlər Azərbaycan da daxil olmaqla region ölkələri üçün yeni imkanların yaradılmasına xidmət edir. Azərbaycan regional sabitliyin təmin olunması və iqtisadi proseslərin inkişafı istiqamətində mühüm təşəbbüslərlə çıxış edir. Sülh və əməkdaşlıq prinsiplərinə əsaslanan bu yanaşma regionda dayanıqlı inkişaf üçün vacib hesab olunur".

Bu sözləri CBC TV-nin efirində yayımlanan verilişdə Odlar Yurdu Universitetinin İdarəetmə Şurasının sədri, professor, Milli Məclisin üzvü Samir Vəliyev bildirib. Deputat Azərbaycanın regional sülhə verdiyi töhfələr, beynəlxalq ictimaiyyətin bu prosesə münasibəti və gələcək perspektivlər barədə geniş açıqlamalar verib:

"Hazırda əsas məqsəd iqtisadi əlaqələrin genişləndirilməsi, ticarət marşrutlarının inkişafı və regional təhlükəsizliyin möhkəmləndirilməsidir. Bu proseslər beynəlxalq tərəfdaşlarla əməkdaşlıq çərçivəsində həyata keçirilir və qarşılıqlı etimadın güclənməsinə töhfə verir. Azərbaycan öz milli maraqlarını qorumaqla yanaşı, regionda sülh və sabitliyin təmin olunmasına yönəlmiş təşəbbüsləri dəstəkləyir və bu istiqamətdə fəal siyasət yürüdür".