Biologiya və Ekologiya kafedrasının dəvəti ilə Strasburq Universitetinin doktorantı Çilənay Ələkbərova tərəfindən bakalavr tələbələri üçün “DNT metilasiyası və xərçəngdə epigenetik yaddaş” mövzusunda seminar keçirilmişdir.
Seminar zamanı epigenetikanın əsas prinsipləri və DNT metilasiyasının gen ekspressiyasının tənzimlənməsindəki rolu izah edilmişdir. Qeyd olunmuşdur ki, DNT ardıcıllığı dəyişmədən genlərin aktiv və ya susdurulmuş vəziyyətdə saxlanılması epigenetik mexanizmlər vasitəsilə həyata keçirilir və bu proses xərçəngin inkişafında mühüm əhəmiyyət daşıyır.
Təqdimatda DNMT1 və UHRF1 zülallarının hüceyrə bölünməsi zamanı epigenetik yaddaşın qorunmasındakı funksiyası vurğulanmış, bu istiqamətin Çilənay Ələkbərovanın doktorantura tədqiqatının əsas mövzusu olduğu bildirilmişdir.