“Filologiya və humanitar fənlər” kafedrasının Tarix müəllimi Abdullazadə Həmidə Rahim qızı tərəfindən Odlar Yurdu Universitetinin “İngilis dilinin tədrisi və təşkili” fakültəsinin 760İİTS, 760İİKM, 366İMN və 366İMU qruplarının tələbələri üçün Azərbaycan Zəfər Muzeyinə ekskursiya və açıq dərs təşkil olunmuşdur.
Tədbirin əsas məqsədi Odlar Yurdu Universitetinin tələbələrinin Azərbaycanın Vətən müharibəsi tarixi, xalqımızın qəhrəmanlıq salnaməsi və əldə olunan möhtəşəm Zəfər haqqında biliklərini daha da zənginləşdirmək, onların vətənpərvərlik ruhunu gücləndirmək və tarixi faktlarla yerindəcə tanış olmalarını təmin etmək olmuşdur.
Ekskursiya çərçivəsində tələbələr muzeydə nümayiş olunan eksponatlarla yaxından tanış olmuş, Vətən müharibəsində istifadə edilən hərbi texnika, xəritələr, foto və video materiallar, qəhrəman şəhidlərimizin şəxsi əşyaları barədə ətraflı məlumat əldə etmişlər. Muzey əməkdaşları tərəfindən təqdim olunan məlumatlar tələbələrdə böyük maraq doğurmuş, mövzu ətrafında müzakirələr aparılmış və suallar cavablandırılmışdır.
Açıq dərs zamanı Abdullazadə Həmidə Rahim qızı mövzunu tarixi faktlar və elmi yanaşmalar əsasında izah etmiş, Zəfərin siyasi, hərbi və mənəvi əhəmiyyətini xüsusi vurğulamışdır. Dərs interaktiv formatda keçirilmiş, Odlar Yurdu Universitetinin tələbələri mövzu ilə bağlı fikir və təəssüratlarını bölüşmüşlər.
Tədbir tələbələrin həm nəzəri biliklərinin möhkəmləndirilməsinə, həm də onların milli-mənəvi dəyərlərə bağlılığının daha da artırılmasına mühüm töhfə vermişdir. Bu kimi maarifləndirici və vətənpərvərlik ruhlu tədbirlərin gələcəkdə də davam etdirilməsi nəzərdə tutulur.