Odlar Yurdu Universitetində Elmi Şuranın 6 saylı iclası keçirilib

02 Mart, 2026

Odlar Yurdu Universitetində Elmi Şuranın 6 saylı iclası keçirilib

Bu gün Odlar Yurdu Universitetinin Elmi Şurasının 6 saylı iclası keçirilmişdir. İclası universitetin rektoru, professor Əhməd Vəliyev açaraq iştirakçıları salamlamış və gündəlikdə duran məsələlər barədə məlumat vermişdir.

İclas zamanı “Scopus” bazasına təqdim olunan məqalələr məsələsi gündəmə gətirilmişdir. Müzakirələr çərçivəsində bildirilib ki, universitet əməkdaşlarının elmi fəaliyyətinin stimullaşdırılması və beynəlxalq elmi platformalarda təmsilçiliyinin gücləndirilməsi məqsədilə “Scopus” bazasına göndərilən məqalələrin ödənişi universitet tərəfindən qarşılanacaqdır. Elmi Şura tərəfindən qəbul edilən qərara əsasən, Odlar Yurdu Universitetinin əməkdaşlarının “Scopus” bazasına daxil edilən məqalələrinin dərc xərclərinin universitet tərəfindən ödənilməsi təsdiq edilmişdir.

Gündəliyin digər məsələsi universitetin doktorant, magistr və müəllim heyətinin beynəlxalq və respublika səviyyəli elmi konfranslarda iştirakının təmin edilməsi ilə bağlı olmuşdur. Elmi işlər və keyfiyyətin təminatı üzrə prorektor bu istiqamətdə həyata keçirilən tədbirlər və elmi fəaliyyətin daha da genişləndirilməsi ilə bağlı planlar haqqında məlumat təqdim etmişdir.

Müzakirələr zamanı elmi-tədqiqat fəaliyyətinin gücləndirilməsi, akademik heyətin beynəlxalq elmi platformalarda fəallığının artırılması və universitetin elmi göstəricilərinin yüksəldilməsi məsələləri xüsusi vurğulanmışdır.

İclasın sonunda gündəlikdə duran məsələlər üzrə müvafiq qərarlar qəbul edilmişdir.