Bu gün Odlar Yurdu Universitetinin “Psixologiya, pedaqogika və sosial fənlər” kafedrasının növbəti iclası keçirilmişdir.
İclas zamanı kafedra müdiri professor Rəşid Cabbarov çıxış edərək cari semestrdə keçirilən dərslərin təşkili, açıq dərslər üçün meyarların hazırlanması və tədris prosesinin keyfiyyətinin artırılması ilə bağlı məsələlər barədə məlumat vermişdir.
Müzakirələr zamanı müəllimlər dərs prosesində istifadə olunan metodların təkmilləşdirilməsi, elektron resurslardan daha geniş istifadə edilməsi və tələbələrin dərs prosesində aktivliyinin artırılması istiqamətində təkliflərini səsləndirmişlər.
Eyni zamanda kafedra əməkdaşlarının elmi fəaliyyəti barədə məlumat verilmişdir. Bildirilmişdir ki, Odlar Yurdu Universiteti “ICSEGT 2026” beynəlxalq konfransına ev sahibliyi edəcək. Kafedra müdiri professor-müəllim heyətinin diqqətinə çatdırmışdır ki, bu mühüm elmi tədbir universitet üçün böyük fürsətdir və hər bir müəllimin bu imkanlardan faydalanması vacibdir.
İclasın sonunda müzakirə olunan məsələlər ümumiləşdirilmiş və qəbul edilən qərarların icrası ilə bağlı müvafiq tapşırıqlar verilmişdir.