Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “Süni intellektin Azərbaycanın resurs potensialının tədqiqi imkanları” adlı elmi-praktiki konfrans keçirilib
“İqtisadiyyat və iqtisadi münasibətlər” kafedrasının və Tələbə Elmi Cəmiyyətinin (TEC) təşkilatçılığı ilə keçirilən konfransın əsas məqsədi süni intellekt texnologiyalarının müasir dövrdə iqtisadiyyat, təhsil, turizm, enerji siyasəti və dayanıqlı inkişaf sahələrində tətbiqi imkanlarını müzakirə etmək, eyni zamanda Azərbaycanın resurs potensialının araşdırılmasında innovativ yanaşmaları elmi müstəvidə qiymətləndirmək olub. Tədbir açılış nitqi ilə Strateji inkişaf və beynəlxalq əlaqələr üzrə prorektor, “İqtisadiyyat və iqtisadi münasibətlər” kafedrasının müdiri, professor Elşad Məmmədov tərəfindən açılıb. Daha sonra “İqtisadiyyat və idarəetmə” fakültəsinin dekanı, professor Əli Əlirzayev, i.f.d., Əfqan Musayev çıxış edərək müasir rəqəmsal transformasiya proseslərinin ali təhsildə və iqtisadi sistemdə rolunu vurğulayıb.
Konfrans çərçivəsində həm yerli, həm də xarici tələbələr və magistrantlar tərəfindən müxtəlif mövzularda elmi məruzələr təqdim olunub. Çıxışlarda süni intellektin təhsildə tətbiqi, resursların idarə olunması, yaşıl iqtisadiyyat, beynəlxalq ticarət münasibətləri, turizm sektorunda rəqəmsallaşma və gələcəyin peşələri kimi aktual istiqamətlər geniş şəkildə müzakirə edilib.
Məruzəçilər arasında Heydərov Səxavət “Süni intellektin təhsildə rolu”, Babayev Fariz “Süni intellekt və Azərbaycanın resurs potensialının tətbiq imkanları”, Vəliyev Tural “Yaşıl iqtisadiyyatın ölkənin enerji siyasətinə təsiri”, Məmmədova Səkinəxanım “Azərbaycanda süni intellektin inkişafı”, Veyisli Zeynəb isə “Süni intellektin turizm sektorunda resurs potensialının araşdırılması imkanları” mövzularında çıxış ediblər.
Eyni zamanda konfransda beynəlxalq iştirak da qeydə alınıb. Pakistanlı tələbə Sheraz Indryas “Opportunities of Artificial Intelligence to Study the Human Resource Potential of Azerbaijan” mövzusunda məruzə ilə çıxış edərək süni intellektin insan resurslarının təhlilində əhəmiyyətini diqqətə çatdırıb. Çıxışlarda həmçinin süni intellektin iqtisadi proseslərə təsiri, yeni resursların aşkarlanması, rəqəmsal iqtisadiyyat, yaradıcılıq və insan əməyinin gələcəyi kimi mühüm məsələlərə toxunulub. Mövzular ətrafında geniş fikir mübadiləsi aparılıb və iştirakçıların sualları cavablandırılıb.
Konfrans elmi diskussiyalar və qarşılıqlı müzakirələrlə davam edib, sonda isə süni intellekt texnologiyalarının ölkənin strateji inkişafında rolunun daha da artırılması istiqamətində tövsiyələr səsləndirilib.
İnformasiya və ictimaiyyətlə əlaqələr departamenti
(+994 55) 465 85 27