Odlar Yurdu Universitetində 2025–2026-cı tədris ilinin yaz semestri çərçivəsində açıq dərs təşkil olunub.
Açıq dərs bu gün “Xarici dildə işgüzar və akademik kommunikasiya – 2” fənni üzrə 614 MT2 qrupunda keçirilib. Dərsi universitetin Xarici dillər kafedrasının baş müəllimi İsmayılova Aybəniz Arif qızı təşkil edib. Açıq dərsdə Humanitar, təhsil və dillər fakültəsinin dekanı, dosent, filologiya üzrə fəlsəfə doktoru Nuridə Muxtarzadə, Xarici dillər kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Səadət Abdurəhmanova, eləcə də kafedranın müəllimi Nuridə İbadova iştirak ediblər.
Dərs interaktiv formatda təşkil olunub və “Festivals Around the World” (Dünyada keçirilən festivallar) mövzusu üzrə aparılıb. Mövzu çərçivəsində tələbələr müxtəlif ölkələrdə keçirilən festivallar, onların keçirilmə ənənələri, məkanları, geyim formaları və digər xüsusiyyətləri haqqında təqdimatlar ediblər. Tələbələr eyni zamanda Azərbaycanda təşkil olunan Nar festivalı, Alma festivalı, Şərab festivalı və Novruz bayramı haqqında da məlumat verərək milli mədəniyyətin zəngin ənənələrini təqdim ediblər.
İnteraktiv müzakirələr şəraitində keçirilən dərs zamanı tələbələr tapşırıqları fəal şəkildə yerinə yetirərək mövzu üzrə biliklərini möhkəmləndiriblər. Qarşılıqlı fikir mübadiləsi və aktiv iştirak dərsin səmərəli və maraqlı keçməsinə şərait yaradıb.