OYU-da World Urban Forum 13 çərçivəsində “Urban inkişaf və turizm: şəhər destinasiyalarının yeni imkanları” mövzusunda tədbir keçirilib

14 May, 2026

129
OYU-da World Urban Forum 13 çərçivəsində “Urban inkişaf və turizm: şəhər destinasiyalarının yeni imkanları” mövzusunda tədbir keçirilib

Odlar Yurdu Universitetində World Urban Forum 13 çərçivəsində “Urban inkişaf və turizm: şəhər destinasiyalarının yeni imkanları” adlı tədbir keçirilib. Tədbir urban inkişaf, dayanıqlı turizm, şəhər iqtisadiyyatı və beynəlxalq əməkdaşlıq imkanlarının müzakirəsinə həsr olunub.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açıq elan olunub. Daha sonra aparıcı, TEC sədr müavini Ayan Əliyeva iştirakçıları salamlayaraq tədbirin məqsəd və əhəmiyyətindən danışıb. Açılış nitqi ilə çıxış edən Odlar Yurdu Universitetinin İdarəetmə Şurasının sədri, millət vəkili, Beynəlxalq münasibətlər və turizm kafedrasının müdiri, professor Samir Vəliyev urban inkişaf proseslərində turizmin rolundan, şəhər destinasiya potensialının düzgün idarə olunmasının əhəmiyyətindən bəhs edib.

Tədbirdə Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının İdarə Heyətinin sədri, millət vəkili Göydəniz Qəhrəmanov, WUF13-ün Azərbaycan Əməliyyat Şirkətinin kommunikasiya meneceri Emin Hüseynzadə, Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının sədri Ruslan Quliyev çıxış edərək urbanizasiya, turizm sektorunda innovativ yanaşmalar, beynəlxalq əməkdaşlıq və dayanıqlı inkişaf mövzularında fikirlərini bölüşüblər.

Panel müzakirəsi Beynəlxalq Münasibətlər kafedrasının müdir müavini Səbinə Əliyevanın moderatorluğu ilə keçirilib.

Paneldə spiker qismində Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Memarlıq Komitəsinin nümayəndəsi Müslüm İmranlı, Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının nümayəndəsi Müzəffər Ağakərimov, SKAL – Beynəlxalq Səyahət və Turizm Peşəkarları Assosiasiyasının nümayəndəsi Ceyhun Aşurov və Azərbaycan Turizm Bələdçiləri Assosiasiyasının nümayəndəsi Tural Musayev çıxış ediblər.

Müzakirələr zamanı şəhər turizminin gələcəyi, inkişaf perspektivləri, innovasiya, dayanıqlılıq, mədəni irsin qorunması, yeni əməkdaşlıq imkanları və şəhər iqtisadiyyatının inkişafında turizmin rolu ətrafında fikir mübadiləsi aparılıb. Tədbirin sonunda təşkilatçılar tədbirin həyata keçirilməsinə dəstək göstərən dövlət qurumları və təşkilatlara təşəkkürlərini bildiriblər. Qeyd olunub ki, bu cür platformalar urban inkişaf və turizm sahəsində beynəlxalq təcrübə mübadiləsinin genişlənməsinə və yeni layihələrin formalaşmasına mühüm töhfə verir.

 

İnformasiya və ictimaiyyətlə əlaqələr departamenti
(+994 55) 465 85 27