Odlar Yurdu Universitetində İnformasiya təhlükəsizliyi ixtisası üzrə təhsil proqramları ilə bağlı Azərbaycan Elm və Təhsil Nazirliyi (AETN) tərəfindən verilmiş yeni tövsiyələrin müzakirəsinə həsr olunmuş görüş keçirilib. Tədbirdə informasiya texnologiyaları və kibertəhlükəsizlik ixtisasları üzrə dərs deyən fənn müəllimləri iştirak ediblər.
Görüşdə universitetin Elmi işlər və keyfiyyət təminatı üzrə prorektoru, İT və Kibertəhlükəsizlik kafedrasının müdiri, professor Fəxrəddin Məmmədov çıxış edərək AETN tərəfindən təqdim olunan yeni tövsiyələrin əhəmiyyəti və tətbiqi ilə bağlı fikirlərini bölüşüb. O, informasiya texnologiyaları və kibertəhlükəsizlik sahəsində tədrisin keyfiyyətinin artırılması, proqramların müasir tələblərə uyğunlaşdırılması və əmək bazarının ehtiyaclarına cavab verən mütəxəssislərin hazırlanmasının vacibliyini vurğulayıb.
Müzakirə zamanı yeni tövsiyələrin tədris prosesində tətbiqi, kurikulumların yenilənməsi və fənn proqramlarının müasir çağırışlara uyğunlaşdırılması məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
İclasda həmçinin yeni açıq mənbələrdən istifadə etməklə Wazuh platforması əsasında Security Information and Event Management (SIEM) analitikası sisteminin qurulması üçün komissiya yaradılıb. Bu sistemin tətbiqi nəticəsində tələbələr şəbəkələrdən toplanan log məlumatlarını analiz edərək kiberhücumların aşkarlanması və təhlükəsizlik insidentlərinin müəyyən edilməsi istiqamətində praktiki biliklər əldə edəcəklər.
Sonda iştirakçılar tərəfindən mövzu ilə bağlı təklif və fikirlər səsləndirilib, gələcək fəaliyyət istiqamətləri müəyyənləşdirilib.