Millət vəkili Azər Allahverənov OYU-da tələbələrlə görüşüb

17 Mart, 2026

Millət vəkili Azər Allahverənov OYU-da tələbələrlə görüşüb

Odlar Yurdu Universitetində yeni layihəyə start verildi. Layihə çərçivəsində ölkəmizin tanınmış ekspertləri və müxtəlif sahələr üzrə mütəxəssisləri ilə universitetimizin magistrlərinin görüşlərinin keçirilməsi nəzərdə tutulur.

16 mart 2026-cı il tarixində Odlar Yurdu Universitetində (OYU) Milli Məclisin deputatı Azər Allahverənovun magistr və tələbələrlə görüşü keçirilib. Görüşün moderatoru Strateji inkişaf və karyera departamentinin rəhbəri Aslan Əzimzadə olub. O, çıxışında bildirib ki, layihənin təşəbbüskarı magistratura, MBA və doktorantura şöbəsidir və bu görüşlər tələbələrin əmək bazarında rəqabətqabiliyyətli kadr kimi formalaşmasına xidmət edir. Aslan Əzimzadə qeyd edib ki, layihənin ilk qonağı məhz millət vəkili Azər Allahverənovdur.

Azər Allahverənov çıxışında universitetlə bağlı xatirələrini bölüşərək bildirib ki, 1999–2002-ci illərdə OYU-da dərs deyib, İctimai və siyasi fənlər kafedrasının müdir müavini, eyni zamanda Tələbə Elmi Cəmiyyətinin sədri kimi fəaliyyət göstərib. O, universitetin onun üçün doğma olduğunu vurğulayıb. Deputat həmçinin vətəndaş cəmiyyəti institutlarının inkişafı, QHT-lərin rolu və qanunvericilik bazası barədə geniş məlumat verib:

"Qeyri-hökumət təşkilatları çevik fəaliyyətləri sayəsində müxtəlif sosial sahələrdə mühüm rol oynayır, əhalinin müxtəlif qrupları ilə effektiv əlaqə qururlar".

Görüş zamanı ictimai iştirakçılıq mexanizmləri, QHT-lərin dövlət qurumları ilə əməkdaşlığı, beynəlxalq təşkilatlarla əlaqələrin əhəmiyyəti və Azərbaycanın bu sahədə qazandığı təcrübə müzakirə olunub. Azər Allahverənov bildirib ki, QHT-lərin inkişafı bir neçə mərhələdən keçərək bu gün artıq beynəlxalq platformalarda təmsilçilik səviyyəsinə çatıb. Tədbirdə həmçinin Qarabağ bölgəsində vətəndaş cəmiyyəti təşəbbüsləri, o cümlədən ekoloji məsələlər ətrafında baş verən proseslərə də toxunulub.

Sonda tələbələrin sualları cavablandırılıb, qarşılıqlı fikir mübadiləsi aparılıb.