Odlar Yurdu Universitetində tələbələrin kibertəhlükəsizlik və rəqəmsal araşdırmalar sahəsində bilik və bacarıqlarının artırılması məqsədilə “Rəqəmsal ekspertiza: yanaşmalar və tətbiq” mövzusunda master class təşkil olunub. Tədbirdə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin eksperti Səbinə Tağıyeva rəqəmsal ekspertiza sahəsində müasir yanaşmalar, tətbiq mexanizmləri və texniki araşdırma prosesləri barədə geniş təqdimatla çıxış edib.
Çıxış zamanı qeyd olunub ki, rəqəmsal ekspertiza rəqəmsal cihaz və sistemlərdə saxlanılan məlumatların qanuni şəkildə toplanması, təhlili və təqdim olunması prosesidir. Bildirilib ki, bu sahə kibercinayətkarlıq və kiber insidentlərin araşdırılmasında mühüm rol oynayır, hadisələrin texniki izlərinin elmi metodlarla araşdırılmasına imkan yaradır.
Təqdimat çərçivəsində rəqəmsal sübut anlayışı, sübutların bütövlüyünün qorunması (Integrity), təkrarolunma prinsipi (Reproducibility), həmçinin “Chain of Custody” anlayışı iştirakçılara izah olunub. Vurğulanıb ki, “Chain of Custody” rəqəmsal sübutun əldə olunmasından analiz və hesabat mərhələsinədək bütün proseslərin sənədləşdirilmiş və izlənilə bilən tarixçəsini əhatə edir.
Bununla yanaşı, sistem, tətbiq və istifadəçi fəaliyyəti nəticəsində yaranan texniki izlərin araşdırılması, “Timeline Analysis”, “Plaso” və “Timesketch” kimi müasir rəqəmsal analiz alətlərinin funksiyaları haqqında da ətraflı məlumat verilib.
Tədbir iştirakçılar tərəfindən maraqla qarşılanıb, rəqəmsal təhlükəsizlik və kibertəhlükəsizlik sahəsində aktual biliklərin paylaşılması baxımından əhəmiyyətli platforma kimi qiymətləndirilib.
İnformasiya və ictimaiyyətlə əlaqələr departamenti
(+994 55) 465 85 27