Odlar Yurdu Universitetində Elmi Şuranın növbəti iclası keçirilib  

20 May, 2026

17
Odlar Yurdu Universitetində Elmi Şuranın növbəti iclası keçirilib   

 

19 may 2026-cı il tarixində Odlar Yurdu Universitetinin Elmi Şurasının 7 saylı iclası keçirilib. İclasda universitetin elmi-pedaqoji fəaliyyəti, tədris prosesi və beynəlxalq elmi əməkdaşlıq istiqamətində bir sıra mühüm məsələlər müzakirə olunub.

İclas çərçivəsində Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə elmi dərəcə almış universitet əməkdaşları rektor və Elmi işlər və keyfiyyətin təminatı üzrə prorektor tərəfindən təbrik olunublar. Daha sonra fakültələr üzrə keçirilmiş aralıq imtahanların nəticələri dekanlar tərəfindən təqdim edilərək müzakirə olunub. Yaz semestrinin imtahan sessiyasına hazırlıq vəziyyəti ilə bağlı aparat rəhbəri və kafedra müdirləri tərəfindən məlumat verilib.

İclasda həmçinin məqalələri “Scopus” bazasına daxil olan “Ağıllı ətraf mühit və yaşıl texnologiyalar üzrə 3-cü beynəlxalq elmi konfrans”a hazırlıq prosesinin gedişatı müzakirə olunub. Elmi işlər və keyfiyyətin təminatı üzrə prorektor konfransın təşkilati və elmi istiqamətləri barədə məlumat təqdim edib. Gündəlikdə yer alan əsas məsələlərdən biri İnformasiya texnologiyaları və kibertəhlükəsizlik kafedrasının müəllimləri Cəmilə Mais qızı Əliyeva və Dmitriy Borisoviç Qax tərəfindən hazırlanmış “İnformasiya texnologiyaları” (rusca) adlı dərs vəsaitinin müzakirəsi olub. Müasir informasiya texnologiyalarının idarəetmə və biznes mühitində tətbiqinə həsr olunan vəsait Elmi Şura üzvləri tərəfindən yüksək qiymətləndirilərək nəşr edilməyə tövsiyə olunub.

Bununla yanaşı, Filologiya və humanitar fənlər kafedrasının dosenti Ülviyyə Tacir qızı Mehralıyeva və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Sosial-siyasi elmlər kafedrasının müəllimi Həsənov Rəhim Rafiq oğlu tərəfindən hazırlanmış “Məntiq” adlı dərs vəsaiti də Elmi Şurada müzakirəyə çıxarılıb.

İclas universitetin elmi və tədris fəaliyyətinin inkişafına yönəlmiş müzakirələrlə davam etdirilib.

 

İnformasiya və ictimaiyyətlə əlaqələr departamenti
(+994 55) 465 85 27