Azərbaycanda təhsil haqları niyə artır? Samir Vəliyevdən açıqlama

21 Mart, 2026

1753
Azərbaycanda təhsil haqları niyə artır? Samir Vəliyevdən açıqlama

"Ali məktəblərdə təhsil haqlarının artımı qaçılmazdır. Təhsil müəssisələri bugünkü günün tələblərinə uyğun olaraq lazımi maddi-texniki baza və infrastruktura malik olmalıdırlar ki, bu da ciddi sərmayə qoyuluşu tələb edir".

Bu sözləri Odlar Yurdu Universitetinin İdarəetmə Şurasının sədri, Milli Məclisin deputatı, professor Samir Vəliyev Xəzər Xəbərə açıqlamasında bildirib. Professor qeyd edib ki, hazırda müşahidə olunan bahalaşma prosesi və yaşayış şəraitindəki dəyişikliklər də nəzərə alınmalıdır. Bu dəyişikliklər fonunda müəllim və əməkdaşların ehtiyaclarının qarşılanması, onların əmək haqlarının artırılması məsələsi birbaşa olaraq təhsil haqları ilə bağlıdır:

"Yeni ixtisasların yaradılması, yeni laboratoriyaların qurulması və yeni müəllimlərin cəlb olunması da əlavə maliyyə tələb edir və bu səbəbdən təhsil haqlarının artımı zəruri hesab olunur. Azərbaycanda təhsil haqları bir sıra ölkələrlə müqayisədə 20–25 dəfə daha aşağıdır və bu, keyfiyyətli təhsilin təmin edilməsi ilə mövcud maliyyə imkanları arasında müəyyən fərq yaradır. Təhsil sahəsi böyük sərmayə və düzgün maliyyə idarəçiliyi tələb edir. Təhsilin keyfiyyəti isə birbaşa müəllim faktorundan asılıdır və peşəkar müəllimlərin cəlb olunması üçün onların layiqli əmək haqqı ilə təmin edilməsi vacibdir".

 

 

İnformasiya və ictimaiyyətlə əlaqələr departamenti

Tel: (+994 55) 465 85 27