Odlar Yurdu Universitetində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya nümayəndələri ilə görüş keçirilmişdir.
Tədbirin əsas məqsədi 2025-ci il üzrə Tədbirlər Planı çərçivəsində görülmüş işlərin təqdimatı və 2026-cı il üzrə gözləntilərin müzakirəsi olmuşdur. Görüşdə Milli Observatoriyanı İdarə Heyətinin sədri Elnur Səfərli, sədr müavini Elçin Süleymanov, eləcə də qurumun müxtəlif departament rəhbərləri təmsil etmişlər.
Tədbirdə Odlar Yurdu Universitetinin İdarəetmə Şurasının sədri, professor Samir Vəliyev, Elmi işlər və keyfiyyət təminatı üzrə prorektor, professor Fəxrəddin Məmmədov, Strateji inkişaf və beynəlxalq əlaqələr üzrə prorektor, professor Elşad Məmmədov, həmçinin Strateji inkişaf və karyera departamentinin rəhbəri Aslan Əzimzadə təmsil etmişlər.
Tərəflər əmək bazarının aktual vəziyyəti, sosial müdafiə sahəsində aparılan tədqiqatlar və gələcək əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparmışlar. Görüş zamanı əmək bazarının qiymətləndirilməsi, təlim proqramlarının təşkili və birgə layihələrin həyata keçirilməsi imkanları müzakirə olunmuş, bu istiqamətdə qarşılıqlı əməkdaşlığın genişləndirilməsinin vacibliyi vurğulanmışdır. Tədbir çərçivəsində tərəflər arasında gələcək fəaliyyət istiqamətləri üzrə ilkin razılaşmalar əldə olunmuş və birgə təşəbbüslərin həyata keçirilməsi üçün qarşılıqlı maraq ifadə olunmuşdur.
Qeyd edək ki, bu kimi görüşlər ali təhsil müəssisələri ilə dövlət qurumları arasında əlaqələrin möhkəmləndirilməsi, elmi-tədqiqat və praktiki fəaliyyətin inteqrasiyası baxımından mühüm əhəmiyyət daşıyır.