Odlar Yurdu Universitetində 21 aprel 2026-cı il tarixində saat 17:20-də “İqtisadiyyat və iqtisadi münasibətlər” kafedrasının növbəti iclası keçirilib.
İclasın gündəliyinə bir sıra aktual məsələlər daxil edilib. Tədbir çərçivəsində 2025–2026-cı tədris ilinin yaz imtahan sessiyasına hazırlıq vəziyyəti geniş müzakirə olunub. Mövzu ilə bağlı məruzə ilə kafedra müdiri, i.e.d., professor Elşad Məmmədov çıxış edərək imtahan prosesinin təşkili, qiymətləndirmə meyarları və akademik intizamın qorunmasının vacibliyini vurğulayıb.
Daha sonra II semestr üzrə açıq dərslərin qrafikinin müzakirəsi və təsdiqi məsələsi diqqətə çatdırılıb. Kafedra müdirinin müavini dosent Natiq Qarayev bu istiqamətdə görüləcək işlər barədə məlumat verib. İclasda həmçinin tələbələrin istehsalat təcrübəsinin təşkili məsələsi də müzakirə olunub. “İqtisadiyyat və idarəetmə” fakültəsinin dekan müavini, dosent Babək Feyzullayev çıxış edərək təcrübə prosesinin effektiv təşkili və tələbələrin praktiki biliklərinin artırılması istiqamətində görüləcək tədbirlərdən bəhs edib.
Gündəlikdə yer alan digər məsələlər sırasında Yekun Dövlət Attestasiyası ilə bağlı məsələlər, Tələbə Elmi Cəmiyyətinin fəaliyyəti və qarşıda duran vəzifələr də müzakirə edilib. Bu mövzular üzrə də çıxış edən professor Elşad Məmmədov müvafiq tapşırıq və tövsiyələrini verib.
İclas çərçivəsində “III Ağıllı ətraf mühit və yaşıl texnologiyalar” adlı beynəlxalq elmi konfransa (ICSEGT-2026) hazırlıq məsələləri də diqqət mərkəzində olub. Bildirilib ki, konfransla bağlı kafedranın əməkdaşları və doktorantlarının elmi fəaliyyəti və hazırlıq səviyyəsi dinləniləcək.
Sonda qeyd olunub ki, kafedrada tam ştat üzrə çalışan bütün əməkdaşların, eləcə də doktorant və dissertantların bu proseslərdə fəal iştirakı vacibdir.
İnformasiya və ictimaiyyətlə əlaqələr departamenti
(+994 55) 465 85 27