Odlar Yurdu Universitetinin Startap və İnkubasiya Mərkəzinin təşkilatçılığı ilə həyata keçirilən “OYU GameDev Bootcamp” proqramı çərçivəsində ilk təlim uğurla baş tutub.
Odlar Yurdu Universitetində Startap və İnkubasiya Mərkəzinin təşkilatçılığı ilə oyun sənayesinə maraq göstərən gənclər üçün nəzərdə tutulmuş “OYU GameDev Bootcamp” proqramına start verilib. 18 “workshop”dan ibarət olan proqramın ilk sessiyası “Game Design” mövzusuna həsr olunub. Təlim proqramın koordinatoru Stansın rəhbərliyi ilə təşkil edilib. İlk sessiyada “Game Design” üzrə təlimçi Əvəz Həsənli iştirak edərək mövzu ilə bağlı iştirakçılara ilkin bilik və istiqamətlər təqdim edib.
Təlim çərçivəsində iştirakçılara oyun dizaynının əsas prinsipləri, ideya formalaşdırma və oyun mexanikalarının qurulması haqqında məlumat verilib. Eyni zamanda proqram barədə ümumi məlumatlandırma sessiyası da keçirilib və iştirakçılar proqramın strukturu ilə yaxından tanış olublar. Qeyd olunub ki, proqram müddətində iştirakçılar öz maraqlarına uyğun olaraq “Game Art”, “Game Design” və “Game Development” istiqamətləri üzrə seçim edə və ya istiqamətlərini dəyişə bilərlər.
“OYU GameDev Bootcamp” proqramının əsas məqsədi iştirakçıların oyun sənayesi üzrə bilik və bacarıqlarını inkişaf etdirmək, onların kreativ potensialını üzə çıxarmaq və praktiki təcrübə qazanmalarına şərait yaratmaqdır.
İnformasiya və ictimaiyyətlə əlaqələr departamenti
(+994 55) 465 85 27