Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında kənd təsərrüfatının inkişaf perspektivlərinə həsr olunmuş görüş Azərbaycan Respublikası Prezidentinin Qarabağ üzrə xüsusi nümayəndəsi Elçin Yusubov-un təşəbbüsü ilə keçirilib. Qarabağ regionunda kənd təsərrüfatının inkişafı, aqrar potensialın səmərəli istifadəsi və dayanıqlı iqtisadi modelin formalaşdırılması məqsədilə Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarını əhatə edən geniştərkibli görüş təşkil olunub.
Görüşdə Odlar Yurdu Universiteti-nin nümayəndəsi, universitetin müəllimi və iqtisadiyyat üzrə mütəxəssis Fuad İbadov özəl sektor nümayəndəsi qismində iştirak edib. Tədbirdə, həmçinin kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən digər mütəxəssislər və sektor nümayəndələri də iştirak edərək regionun inkişafı ilə bağlı fikir mübadiləsi aparıblar.
Müzakirələr zamanı Qarabağda kənd təsərrüfatının müxtəlif sahələri, o cümlədən baramaçılıq, ipəkçilik və digər aqrar istiqamətlərin inkişaf perspektivləri diqqət mərkəzində olub. Qeyd edilib ki, regionun əlverişli iqlim və torpaq şəraiti bu sahələrin inkişafı üçün geniş imkanlar yaradır. Səfər çərçivəsində iştirakçılar 160 hektar ərazidə salınmış tut bağına baş çəkərək burada aparılan aqrar fəaliyyətlərlə yaxından tanış olublar. Bildirilib ki, belə iri miqyaslı bağların salınması baramaçılıq və ipəkçilik sahələrinin inkişafına mühüm töhfə verir, eyni zamanda regionda məşğulluğun artırılmasına xidmət edir.
Bundan əlavə, nümayəndə heyəti Xocalı rayonunun Ballıca kəndində və ərazidə fəaliyyət göstərən tibb mərkəzində olub, bölgədə həyata keçirilən bərpa-quruculuq işləri və sosial infrastruktur layihələri ilə tanış olub. Görüşlər zamanı müasir aqrar texnologiyaların tətbiqi, innovativ yanaşmaların genişləndirilməsi və dövlət–özəl sektor əməkdaşlığının gücləndirilməsi məsələləri xüsusi vurğulanıb.
Keçirilən görüş və səfər Qarabağ regionunda kənd təsərrüfatının inkişafı, iqtisadi potensialın reallaşdırılması və dayanıqlı inkişaf strategiyalarının formalaşdırılması baxımından mühüm əhəmiyyət kəsb edir.
İnformasiya və ictimaiyyətlə əlaqələr departamenti
(+994 55) 465 85 27