Odlar Yurdu Universitetində Elmi Şuranın növbəti iclası keçirilmişdir

02 Dekabr, 2022

Odlar Yurdu Universitetində Elmi Şuranın növbəti iclası keçirilmişdir
Odlar Yurdu Universitetində Elmi Şuranın növbəti iclası keçirilmişdir
2 dekabr 2022-ci il tarixində Odlar Yurdu Universitetinin Elmi Şurasının növbəti iclası keçirilmişdir. İclasda OYU-nun rektoru, professor Əhməd Vəliyev əvvəlcə elmi şura üzvlərini salamlamış və Akkreditasiyaya hazırlıq prosesinin cari vəziyyəti ilə tanış olmaq üçün sözü akkreditasiya komissiyasının sədri, OYU-nun prorektoru, professor Fəxrəddin Məmmədova vermişdir. Professor F.Məmmədov Akkreditasiya qabağı görülmüş işlərin ümumi vəziyyəti haqqında geniş məlumat vermiş, sənədlərin hazırlanması işinin plana uyğun getdiyini iclas iştirakçılarının nəzərinə çatdırmışdır.
Daha sonra, Elm və İnnovasiyalar üzrə prorektor, professor Tərlan Abdullayev universitetdə aparılan elmi-tədqiqat işlərinin vəziyyətini və kafedralar üzrə illik elmi hesabatlarının hazırlanma işinin qənaətbəxş olduğunu xüsusi vurğulamışdır.
Tədrisin təşkili və yeni təlim texnologiyaları üzrə prorektor, dos. Qabil Qafarov isə birləşmiş fakültələr departamenti və kafedraların akkreditasiya sənədlərinin hazır olduğunu diqqətə çatdırmışdır.
İclasın sonunda, OYU-nun rektoru, professor Əhməd Vəliyev akkreditasiya hazırlıq işlərinin plana uyğun getdiyini diqqətə çatdırmış və struktur bölmələrə yeni tapşırıqlar vermişdir. Nitqinə davam edən rektor qeyd etmişdir ki, bildiyiniz kimi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2023-cü ilinin “Heydər Əliyev İli” elan edilməsi haqqında sərəncam imzalanmışdır. Ümumilli liderimiz Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış qüdrətli şəxsiyyətdir, o müasir Azərbaycan dövlətçiliyinin qurucusudur. Belə ki, Ulu Öndər Odlar Yurdu Universitetinin də fəaliyyətə başlamasına öz xeyir-duasını vermişdir. Ona görə də təklif edirəm ki, 2023-cü ilin yanvar ayından etibarən universitetin ən savadlı, bacarqlı, siyasi cəhətdən yetkin olan tələbəsi üçün “Heydər Əliyev təqaüdü” təsis edilsin. Elmi Şuranın bütün üzvləri yekdilliklə bu təklifə səs verdilər. Bundan əlavə, "Smart Bee" İT şirkəti ilə birlikdə İnformasiya Texnologiyaları Akademiyasının, həmçinin Karyera və Təcrübə Mərkəzinin təsis edilməsi və elmin inkişafı istiqamətində fondun yaradılması ilə bağlı qərar qəbul olunmuşdur.