Dekabrın 9-da Elm və Təhsil Nazirliyinin dəstəyi ilə Bakı Ekspo Mərkəzində Beynəlxalq STEAM Azərbaycan Festivalı 2022-nin bağlanış mərasimi keçirilmişdir.
SAF 2022-yə ümumilikdə, 350 komandadan 1500-dək iştirakçı qatılıb. Onlardan 127-si xarici ölkə, 1300-ü isə yerli iştirakçı olub. Əcnəbi iştirakçılar Türkiyə, Böyük Britaniya, İsveç, Estoniya, Özbəkistan, Qazaxıstan və Türkmənistanı təmsil etmişlər.
Bağlanış mərasimində Elm və Təhsil naziri Emin Əmrullayev, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti İsa Həbibbəyli, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, digər dövlət qurumlarının rəsmiləri, millət vəkilləri, diplomatik nümayəndəliklərin təmsilçiləri, ali təhsil müəssisələrinin rəhbərləri və elmi-tədqiqat institutlarının direktorları iştirak etmişlər.
“Hackathon” kateqoriyasında 138 komanda arasında final mərhələsinə yüksələn Odlar Yurdu Universitetinin “Smart Irrigation” komandası öz bacarığı və gücü sayəsində Beynəlxalq STEAM Azərbaycan Festivalının finalında 25 komanda arasında 3-cü yerə layiq görülmüşdür.
Parlaq qələbə münasibətilə “Smart Irrigation” komandanın üzvləri: OYU-nun Strateji planlaşdırma və layihələr departamentinin müdiri, dos. Fuad İbadovu, bakalavr tələbəsi Könül Cəfərovanı, MBA tələbələri Etibar Həmidovu və Nicat Quliyevi səmimi qəlbdən təbrik edirik!
Biz sizinlə fəxr edirik!