“Şuşa İli” çərçivəsində ali məktəblər arasında keçirilən "Xarı bülbül" mahnı və rəqs festivalının qalibi Odlar Yurdu Universitetidir

29 Dekabr, 2022

“Şuşa İli” çərçivəsində ali məktəblər arasında keçirilən "Xarı bülbül" mahnı və rəqs festivalının qalibi Odlar Yurdu Universitetidir

Odlar Yurdu Universitetində rəhbərliyin, professor-müəllim heyətinin, tələbələrin və digər universitet tələbələrinin iştirakı ilə tədbir keçirilib. Tədbir tələbələrin ifasında səsləndirilən Azərbaycan Respublikasının Dövlət himni ilə açıq elan olunub. Daha sonra, tələbələrin iştirakı ilə Azərbaycanın elm və mədəniyyət mərkəzi olan Şuşa şəhərinin yaranmasından, tarixindən bəhs olunan çıxış və ifalardan ibarət ədəbi-bədii kompozisiya təqdim olunub. Yaradıcılıq, mədəni layihələr və tədbirlərin təşkili institutunun rəhbəri Xatirə Tağıyevanın təşkil etdiyi ədəbi-bədii kompozisiya tədbir iştirakçıları tərəfindən rəğbətlə qarşılanıb.
"Şuşa İli" çərçivəsində Odlar Yurdu Universitetində Azərbaycan Tələbə Gənclər Təşkilatı ilə birgə ali məktəblər arasında keçirilən "Xarı bülbül" mahnı və rəqs festivalının qaliblərinin mükafatlandırma mərasimi də keçirilib. Mədəniyyətimizə böyük sənətkarların, diplomatiyamıza uzaqgörən siyasətçilərin, hərbimizə böyük qəhrəmanların bəxş etdiyi əziz Şuşamız elmi, mədəni və ictimai fikir salnaməmizə öz əlamətdar səhifəsini yazmışdır. Azərbaycan ordusunun zəfər simvolu sayılan və Şəhidlərimizin qanı ilə suvarılan Xarı Bülbül də məhz bu müqəddəs torpaqlarda bitir. Elə ona görə də, bu festival böyük qürur mənbəyi kimi məhz "Xarı bülbül" adı altında keçirildi.
Cəmiyyətimizə və dövlətimizə istedadlı tələbələr yetişdirməklə öz töhfəsini verən Odlar Yurdu Universitetinin magistr tələbəsi Kənan Alquliyev "Xalq mahnıları" nominasiyası üzrə 1-ci yerlə təltif olundu. OYU-nun digər tələbələridə müxtəlif yerlər tutaraq nominasiyalar üzrə mükafatlandırıldı. Digər universitetlərdən iştirak edən tələbələr də uğur qazanaraq müxtəlif yerlər üzrə nominasiyalara layiq görüldülər. Qalibləri təbrik və fəxri fərmanla təltif etmək üçün Odlar Yurdu Universitetinin rektoru, professor Əhməd Vəliyevə söz verildi. O, tələbələrə vətənimiz və xalqımız üçün layiqli şəxsiyyət, istedadlı kadr olmaları üçün uğurlar arzuladı. Professor Əhməd Vəliyev Azərbaycan Prezidenti cənab İlham Əliyevə təşəkkürünü bildirərək, onun yeritdiyi uğurlu hərbi siyasət nəticəsində xalqımızı Vətən adlı həsrətdən və köksündəki ağrı-acılardan xilas edərək, rəşadət simvoluna çevrilməsindən və müqəddəs torpaqlarımızın üzərini alan qara buludlardan təmizləyərək, "Azərbaycan bütöv bir bədəndirsə, Qarabağ onun ürəyidir" sözünü layiqincə yerinə yetirməyindən danışdı. Professor Əhməd Vəliyev çıxışının sonunda, Azərbaycan xalqını qarşıdan gələn Yeni il və Dünya Azərbaycanlılarının Həmrəylik günü münasibətilə təbrik edərək, qarşıdan gələn yeni ilin xalqımız üçün uğurlu və düşərli olmasını arzuladı.
Daha sonra tədbir mübarizlik və mətinlik simvolu olan "Vətəndən pay olmayır" mahnısı ilə sona çatıb.