Odlar Yurdu Universiteti və "Yaşam" Psixoloji Təlim-Tədris Mərkəzinin birgə layihəsi olan “Narkotikə yox deyək” adlı tədbir keçirilmişdir.
Cəmiyyətdə "ağ ölüm" kimi tanınan narkomaniya bəlası insan həyatında sağalmaz fəsadlar yaradır. Əfsuslar olsun ki, bu gün narkotik aludəçilərinin əksəriyyəti gənc nəslin nümayəndələridir. Bunun sonunda dayanan faciəni isə təsəvvür etmək belə qorxuncdur. Çünki gənclər hər bir millətin gələcəyi, dövləti inkişaf etdirən başlıca sütundur. Narkomaniyanın qarşısının alınmasının əsas məqsədi sağlam mühit və sağlam gələcək yaratmaqdır. Buna görə də cəmiyyətdə və yaxın ətrafımızda sağlam həyat tərzini təbliğ etmək, zərərli vərdişlərə profilaktik tədbirlər görmək lazımdır, çünki sağlamlıq həmçinin insanların fiziki, psixoloji və sosial rifahıdır. İnsan üçün dünyada ən önəmli dəyər həyatdır, həyatda isə ən vacib amil sağlamlıqdır. Bu qorxunc bəladan gənclərimizi uzaq tutmaq və maarifləndirmək üçün universitetimizdə hər zaman təbliğat işləri aparılır.
Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə açılışı elan olunan tədbirdə "Yaşam" Psixoloji Təlim-Tədris Mərkəzinin rəhbəri, psixoloq psixoterapevt Könül Cəfərova, Psixologiya Elmi-Tədqiqat İnstitutunun rəhbəri Elnur Rüstəmov, Uğur İnkişaf və Reabilitasiya Mərkəzinin rəhbəri Şahmar Səfərov və Odlar Yurdu Universitetinin Birləşmiş Fakültələr Departamentinin rəhbəri, dos. Aynurə Qurbanova, həmçinin OYU-nun tələbələri iştirak etmişlər.
Tədbir tələbələrin hazırladığı kompozisiya ilə davam etmişdir.
Ümumilikdə, tədbir boyunca müzakirələr aparılmış, rəylər dinlənilmiş və xatirə şəkli çəkdirilmişdir.