OYU-nun prorektoru Polşaya baş tutmuş səfərlə bağlı təlim keçmişdir

07 Fevral, 2023

OYU-nun prorektoru Polşaya baş tutmuş səfərlə bağlı təlim keçmişdir

Odlar Yurdu Universitetininn Tədrisin təşkili və yeni təlim texnologiyaları üzrə prorektoru, dos. Qabil Qafarov 30 yanvar - 3 fevral tarixlərində baş tutmuş Polşaya səfərlə bağlı təlim keçmişdir.
Bakı Biznes Universitetinin koordinatorluğu ilə Avropa Komissiyası tərəfindən maliyyələşdirilən “Azərbaycanda Rektorlar Konfransının yaradılması” adlı Erasmus+ layihəsi çərçivəsində işgüzar səfəri nəticəsində prorektor Qabil Qafarov bildirmişdi ki, Polşa Universitetlərinin Rektorlar Konfransı (CRASP) tərəfindən təşkil olunan səfərin məqsədi Polşa ali təhsil müəssisələrinin strateji inkişaf məsələlərinin öyrənilməsi olmuşdur.
Təlimlərin ilk iki günü Kozminski Universitetində baş tutmuşdur. Burada universitetin ümumi və dayanıqlı inkişafı, rəqəmsal tranformasiya strategiyaları, həmçinin əməkdaşların təkmilləşdirilməsi ilə bağlı yerli və Avropa layihələri üzrə təcrübələri öyrənilmişdir.
Səfərin növbəti günlərində Varşava Həyat Elmləri Universitetinin rektoru və Polşa Universitetlərinin Rektorlar Konfransının vitse-prezidenti cənab Michał Zasada tərəfindən strateji planlamada insan resurslarının idarəedilməsi, maliyyənin idarəedilməsinin əsas kriteriyaları, o cümlədən CRASP-ın fəaliyyəti ilə bağlı tədbir iştirakçılarına ətraflı məlumat verilmişdir. Həmçinin CRASP-ın baş katibi Agata Kulesza səfər iştirakçıları ilə CRASP-ın milli və beynəlxalq təcrübələri ilə bağlı ətraflı fikir mübadiləsi aparmışdlr.
Varşava Həyat Elmləri universitetinin əməkdaşları tərəfindən strateji inkişaf və keyfiyyət məsələlərinin qarşılıqlı əlaqəliliyi, Polşa ali təhsil müəssisələrində monitorinq və qiymətləndirmə prosesləri, strateji idarəetmə üzrə akkreditasiya meyarları kimi mühüm mövzularda təlimlər və seminarlar həyata keçirilmişdir.
Təlim proqramı çərçivəsində Varşava Universitetinin əməkdaşı Şəhla Kazımova tərəfindən Universitetdə Azərbaycan dilinin tədrisi, Azərbaycan mədəniyyətinin təbliği, elmi konfranslar və digər tədbirlər haqqında ətraflı məlumat vermişdir.
Səfər çərçivəsində Azərbaycan ali təhsil müəssisələrinin nümayəndələrinin Azərbaycanın Polşadakı səfiri Nərgiz Qurbanova ilə görüşü baş tutmuşdur. Görüşdə xanım səfir Polşada, xüsusilə ali məktəblərdə həyata keçirilən sosial və mədəni tədbirlər, layihələr haqqında məlumatlar vermişdir. N.Qurbanova universitetlərimizi Polşa ali təhsil müəssisələri ilə əməkdaşlığı daha da gücləndirməyə dəvət etmiş və bu istiqamətdə müvafiq dəstəyin göstərilə biləcəyini ifadə etmişdir.