Bakı Biznes Universitetinin koordinatoru olduğu və Avropa Komissiyası tərəfindən maliyyələşdirilən “Azərbaycanda Rektorlar Konfransının yaradılması” Erasmus+ layihəsi çərçivəsində 10-14 iyul tarixlərini əhatə edən “Ali təhsil sisteminin inkişafında rektorlar konfransının rolu” adlı növbəti seminar İspaniya Krallığının paytaxtı Madrid şəhərində baş tutmuşdur. Növbəti görüş Madrid III Karlos Universitetində keçirilmişdir.
Görüşü elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli açaraq iştirakçıları salamlamış və görüş haqqında ətraflı məlumat vermişdir.
Baş tutmuş görüşdə İspan Universitetlərinin baş katibi Mariya Teresa Lozano Melyado İspan Universitet Sistemində Rektorlar Konfransının rolu haqqında, İspan Universitetləri üçün strategiya və baxış, institutlararası əməkdaşlığın əhəmiyyəti və digər mövzular barəsində hazırlanmış təqdimat ilə görüş iştirakçılarını tanış etmişdir.
Daha sonra İspan Universitet Sistemində Rektorlar Konfransının məsul katibi, həmçinin Saraqosa Universitetinin tələbə işləri üzrə prorektoru olan, professor Anjela Alkala Arelyano “İspan universitetlərində tələbə işləri üçün strateji baxış: koordinasiya və sektorlararasılığın əhəmiyyəti” mövzusunda çıxış etmişdir.
Sözügedən görüşdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin nümayəndəsi, Azərbaycan universitetlərindən prorektorlar və digər rəhbər şəxslər iştirak etmişlər.
Qeyd edək ki, görüşdə Odlar Yurdu Universitetini Tədrisin təşkili və yeni təlim texnologiyaları üzrə prorektoru, dos. Qabil Qafarov təmsil etmişdir.