Odlar Yurdu Universitetinin Təbiət və texnologiya fakültəsinin tələbələri Bakı Mühəndislik Universiteti (BMU) və ADA Universitetinin təşkilatçılığı ilə “48-ci ICPC-Universitet Tələbələrinin Beynəlxalq Proqramlaşdırma” müsabiqəsinin Azərbaycan üzrə təsnifat mərhələsi iştirak etmişlər.
Təsnifat mərhələsində Odlar Yurdu Universitetin Təbiət və texnologiya fakültəsinin tələbələri Rəşad Fərzəliyev, Davud Ağayev, Qirim Sərhədov - “OYU_1” komandası olaraq universitetimizi uğurla təmsil etmişlər. Tələbələrimiz Azərbaycanın 26 ali təhsil müəssisəsinin içərisində universitetimizi 12-ci yerə qədər yüksəltmiş və 167 komanda içərsindən seçilərək BMU-da təşkil olunacaq müsabiqənin Azərbaycan üzrə dörddə bir final mərhələsinə vəsiqə qazanmışlar. Beynəlxalq Proqramlaşdırma olimpiadasında Odlar Yurdu Universitetinin tələbələri və bu komandaya rəhbərlik edən İnformasiya texnologiyaları və mühəndislik kafedrasının müəllimi Amin Həsənov sertifikatlarla təltif olunmuşlar.
Qeyd edək ki müsabiqədə Azərbaycanın 26 ali təhsil müəssisəsindən 167 komanda (hər komanda üç tələbə və komanda rəhbərindən ibarətdir) iştirak etmişdir.
Komandalara 5 saat ərzində 13 alqoritmik məsələni “C“, “C++“, “Java“ və ya “Python” proqramlaşdırma dillərində həll etmək tapşırığı verilmişdir. Qiymətləndirmə avtomatik qiymətləndirmə sistemi ilə aparılmış. Nəticələrə uyğun olaraq, 58 komanda BMU-da təşkil olunacaq müsabiqənin Azərbaycan üzrə dörddə bir final mərhələsinə vəsiqə qazanmışdır. Dörddə bir final mərhələsini müvəffəqiyyətlə bitirəcək komandalar cari ilin 10-14 dekabr tarixlərində Gürcüstan Respublikasının Kutaisi şəhərində təşkil olunacaq müsabiqənin yarımfinal mərhələsində və Cənubi Qafqaz açıq çempionatında (komanda və fərdi) iştirak etmək hüququ əldə edəcəklər.