OYU-da ARPA-nın nümayəndələri İqtisadiyyat və idarəetmə fakültəsinin tələbələri üçün seminar keçirmişlər

15 Dekabr, 2023

OYU-da ARPA-nın nümayəndələri İqtisadiyyat və idarəetmə fakültəsinin tələbələri üçün seminar keçirmişlər
Odlar Yurdu Universitetində Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyası (ARPA) İctimai Birliyinin nümayəndələri qonağı olmuşlar və İqtisadiyyat və idarəetmə fakültəsində tələbələr ilə görüşmüşlər. Görüşdə ARPA-nın “Tələbə üzvlük” paketi haqqında məlumat verilmiş, tələbələrin mövzuya dair sualları cavablandırılmışdır.
Birliyin İdarə Heyətinin sədri Günay Şahbazova qeyd etmişdir ki, ARPA Azərbaycanda iqtisadiyyatın dayanıqlı inkişafına töhfə vermək məqsədilə 2009-cu ildə təsis olunmuşdur. 2019-cu ildə isə peşəkar mühasib təşkilatı kimi akkreditasiyadan keçmişdir. Birliyin əsas məqsədi mühasibatlıq, risk və sığorta sahəsində tələbələrin maraqlarını və elmi inkişaflarını təmin etmək məqsədilə dəstək olmaqdır. ARPA 1000-dan çox fərdi, 12 korporativ üzvü var.
Üzvlər üzrə mütəxəssis Tutu Əliyeva “Tələbə üzvlük” paketi haqqında məlumat vermişdir. Təlim və sertifikasiya üzrə mütəxəssis Solmaz Cəfərli isə bildirmişdir ki, Odlar Yurdu Universiteti ilə əməkdaşlıq əlaqələrinin qurulması birliyin öncəlikləri arasındadır. Tələbələr ARPA-nın təlimlərində iştirak edib yeni biliklər əldə etmək imkanından yararlana bilərlər.
Sonda Odlar Yurdu Universitetinin Strateji planlaşdırma və layihələr departamentinin müdiri, dos. Fuad İbadov və Karyera və təcrübə mərkəzinin həmsədri Kristina Məmmədova tələbələrə ARPA-nın ölkənin ən fəal ictimai birliklərindən biri olduğunu qeyd etmişlər və təşkil olunan bütün görüş və təlimlərin aktual olduğunu vurğulamışlar.