Odlar Yurdu Universitetinin Tədrisin təşkili və yeni təlim texnologiyaları üzrə prorektoru, dos. Qabil Qafarov Mingəçevir Dövlət Universitetinin koordinatoru olduğu, Avropa Komissiyasının maliyyə dəstəyi ilə həyata keçirilən “Azərbaycan ali təhsil müəssisələrində davamlı sahibkarlıq ekosisteminin gücləndirilməsi” (ENGAGE) adlı Erasmus+ layihəsi çərçivəsində Portuqaliyanın Lissabon Texniki Universitetinə səfəri baş tutmuşdur. Təlim proqramının ilk günü Universitetin Beynəlxalq Əlaqələr üzrə vitse-prezidenti professor Zita Martins layihənin üzvləri olan Azərbaycan ali təhsil müəssisələrinin nümayəndə heyətini salamlayaraq sahibkarlıq təhsilində beynəlxalq əməkdaşlığın vacibliyindən danışmışdır. Oeiras şəhərciyinin vitse-prezidenti professor Joana Mendonça isə Universitet şəhərciyinin sahibkarlıq təşəbbüslərinin dəstəklənməsində rolunu, eləcə də yerli və beynəlxalq innovasiya ekosisteminə verdiyi töhfələri qeyd etmişdir. Daha sonra ENGAGE layihəsi haqqında qısa hesabatla çıxış baş tutmuş, təlim proqramının məqsədlərini və planlaşdırılan fəaliyyətləri iştirakçıların diqqətinə çatdırılmışdır. Proqrama uyğun olaraq Lissabon Texniki Universitetinin məsul nümayəndələri universitetin resursları, əməkdaşlıq şəbəkəsi və yeni başlayan sahibkarlar üçün mövcud olan dəstək mexanizmləri, innovativ fəaliyyətdə dizayn yönümlü düşüncənin inkişaf etdirilməsi, bu istiqamətdə mövcud metodologiyaların tətbiqi, eləcə də Técnico İnnovasiya Mərkəzində sahibkarlıq təhsilinin praktiki tətbiqləri və mərkəzin innovasiyaların təşviqində rolu, sahibkarlıq təhsilinin beş əsas təcrübəsi, effektiv tədris strategiyaları və kurrikulumun tərtibi, rəqəmsal innovasiya və rəqəmsal transformasiya təşəbbüslərinin əhəmiyyəti barədə öz təcrübələrini bölüşmüşlər. Eyni zamanda nümayəndə heyəti Técnico Lisboa Doktorantura Məktəbi modeli, Məktəbin tədqiqat və innovasiyaları inkişaf etdirmə üçün mövcud yanaşması ilə tanış olmuşlar. Təlim müddətində Eşqin Bayramov və Ana Lukasın moderatorluğunda Azərbaycan nümayəndə heyəti ilə sahibkarlıq təhsili üzrə açıq müzakirə də təşkil edilərək təcrübə mübadiləsi aparılmışdır. Daha sonra tələbələrin öz sahibkarlıq layihələrini təqdim etdikləri “E.Awards” proqramın təqdimatı keçirilmişdir. Təlim proqramının yekununda Texnologiya Laboratoriyasına ziyarət təşkil edilmiş, İnnovasiya Mərkəzi və Tələbə Laboratoriyaları Təcrübələri haqqında geniş məlumatlar verilmişdir.