Dövlət Suverenliyi Gününün qeyd edilməsi məqsədilə keçirilən konfransın açılışını Odlar Yurdu Universitetinin Beynəlxalq münasibətlər və turizm kafedrasının müdiri, hüquq elmləri doktoru, professor Samir Vəliyev həyata keçirmişdir. O, tədbir iştirakçılarını salamlayaraq, bu günün əhəmiyyətini xüsusi vurğulamışdır.
Açılış nitqində professor Samir Vəliyev, Ümummilli Lider Heydər Əliyev və onun layiqli davamçısı Müzəffər Alı Baş Komandan, cənab İlham Əliyevin müstəqilliyin qorunmasında oynadıqları rolu xüsusi qeyd etmişdir. Eyni zamanda, o, Vətən müharibəsində canlarını fəda edən şəhidlərimizi anaraq, onlara Allahdan rəhmət diləmişdir. Professor Samir Vəliyev, şəhidlərin cəsarətini və fədakarlığını xalqımızın azadlığı üçün nə qədər dəyərli olduğunu vurğulamışdır. Prezident İlham Əliyevin Dövlət Suverenliyi Gününün təsis edilməsi haqqında imzaladığı sərəncamın, müstəqilliyimizin tanınması istiqamətində atılmış mühüm bir addım olduğunu da bildirmişdir.
Professor Samir Vəliyev, bu günün azadlıq və suverenlik uğrunda apardığımız mübarizənin simvolu olduğunu, gələcək nəsillərə bu dəyərlərin aşılanmasının vacibliyini xatırlatmışdır. Vətən müharibəsinin əhəmiyyətinə toxunaraq, Azərbaycanın yalnız ərazi bütövlüyünü bərpa etməklə kifayətlənmədiyini, regionda yeni bir reallığın yaradıldığını bildirmişdir.
Çıxışının sonunda, professor Samir Vəliyev azad edilmiş ərazilərdə həyata keçirilən bərpa işlərinin ölkənin inkişafına müsbət təsir edəcəyini, bu işlərin Azərbaycanın iqtisadi və siyasi gücünün təcəssümü olduğunu qeyd etmişdir. O, iştirakçılara suverenlik və müstəqillik dəyərlərinin gələcək nəsillərə ötürülməsinin vacibliyini bir daha xatırlatmışdır.
Konfransda universitetin tələbələri də öz elmi çıxışları ilə iştirak etmişlər. Tələbəmiz Aysun Quliyeva "Antiterror əməliyyatlarından öncə Qarabağ bölgəsinin ekoloji vəziyyəti" mövzusunda geniş elmi-tədqiqat xarakterli çıxış etmişdir. O, bölgədəki ekosistemin son onilliklər ərzində üzləşdiyi ekoloji problemləri, təbii resursların istifadəsi və mühafizəsi ilə bağlı çətinlikləri ətraflı təhlil etmişdir. Aysun Quliyeva çıxışında Qarabağ ərazisindəki ekoloji bərpa potensialı və bu sahədə həyata keçirilən layihələrin əhəmiyyətindən də bəhs edərək, gələcəkdə ekosistemin bərpası üçün elmi yanaşmaların vacibliyini vurğulamışdır.
Tələbəmiz Nuray Məmmədzadə "Antiterror əməliyyatlarının Qarabağın turizm potensialına təsiri" mövzusunda çıxış edərək, bu əməliyyatların regionda sabitliyin təmin olunmasından sonra turizm sektorunun dirçəlişi üçün yaratdığı perspektivləri geniş şəkildə təhlil etmişdir. O, Qarabağın mədəni və təbii irsinin turizm inkişafı baxımından unikal imkanlar təqdim etdiyini və bu potensialın Azərbaycanın iqtisadi inkişafına böyük töhfə verəcəyini qeyd etmişdir. Nuray Məmmədzadə həmçinin bölgənin təhlükəsizliyinin təmin olunmasının turizm sektorunda strateji planlaşdırmanın əsası olduğunu vurğulamışdır.
Tələbəmiz Elvin Əmirli beynəlxalq səhnədə Azərbaycanın antiterror əməliyyatlarının rolu və əhəmiyyəti mövzusunda çıxış etmişdir. O, beynəlxalq hüquq və geopolitik yanaşmalar əsasında Azərbaycanın apardığı antiterror əməliyyatlarının regionda sabitlik və sülhün bərpası istiqamətində göstərdiyi töhfələri təhlil etmişdir. Elvin Əmirli qeyd etmişdir ki, Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü təmin etmək üçün həyata keçirilən bu əməliyyatlar regionda mövcud olan qlobal güclərin dəstəklədiyi yeni geosiyasi reallıqları formalaşdırıb. O, həmçinin beynəlxalq arenada Azərbaycanın mövqeyinin daha da möhkəmlənməsi üçün bu əməliyyatların strateji əhəmiyyətini vurğulamışdır.
Tələbəmiz Ayna Məmmədova də çıxış edərək, tədbirin mövzusu ilə bağlı öz fikirlərini geniş şəkildə paylaşmışdır. O, müstəqillik və suverenlik dəyərlərinin əhəmiyyətini vurğulayıb, gənc nəsillərin bu dəyərləri anlamasının vacibliyini qeyd etmişdir. Ayna Məmmədova, həmçinin antiterror əməliyyatlarının regionda sabitliyin təmin olunmasında oynadığı rolu da müzakirə etmişdir.
Sonda tədbir zamanı antiterror əməliyyatlarının suverenliyimizin bərpasında oynadığı rolu əks etdirən qısa videoçarx nümayiş olunmuşdur.
Odlar Yurdu Universitetində keçirilən bu konfrans, tələbələrin və professor-müəllim heyətinin Azərbaycanın müstəqilliyinə, suverenliyinə və ərazi bütövlüyünə olan dərin bağlılığını bir daha nümayiş etdirmişdir.